Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2021 16:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Ədəbiyyat İnstitutunun 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ilin yekunlarına həsr olunmuş hibrid formatda hesabat iclası keçirilib.

İclasda şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı, akademik Rəfael Hüseynov, Qafqaz Media İctimai Birliyinin sədri Sahilə Mirzə də iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.

Elmi şurada Qafqaz Media İctimai Birliyinin sədri Sahilə Mirzə Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevaya “Nizami Gəncəvi” medalını təqdim edib.

Eyni zamanda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova və Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Svetlana Məmmədova 75 illik yubileyləri münasibətilə institutun Fəxri fərmanı ilə təltif olunublar.

Humanitar və İctimai elmlər bölməsinin nümayəndəsi olaraq akademik Rəfael Hüseynov çıxış edərək Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndirib. İnstitut əməkdaşlarından Qəzənfər Paşayev, Elnarə Qaragözova, magistrlərdən Lalə Seyidzadə çıxış ediblər.

İnstitutun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı sözügedən müəssisənin 2021-ci il üzrə illik elmi hesabatını təqdim edərək il ərzində görülmüş işlər, xüsusilə “Nizami Gəncəvi ili” və Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı olaraq Prezident sərəncamlarına müvafiq gerçəkləşdirilmiş işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, il ərzində institut əməkdaşları iki istiqamət, 8 problem, 20 mövzu və 140 iş üzərində tədqiqat aparıb, 64 iş tamamlanıb. İl ərzində institut əməkdaşlarının ümumi nəşrlərinin sayı 1330 olub.

Ədəbiyyat İnstitutunun Beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2021-ci il üzrə illik elmi hesabatını filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova təqdim edib. Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov institutun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantlarının illik attestasiyasının təsdiqi və digər məsələlər barəsində məlumat verib.

Elmi şurada “Ədəbiyyatşünaslıq ensiklopediyası”nın hazırlanması haqqında akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru Əlizadə Əsgərli məlumat verərək qarşıda duran məsələlərdən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: