Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2021 11:28
  • A-
  • A
  • A+

MEK əməkdaşı Ankarada işgüzar səfərdə olub

MEK əməkdaşı Ankarada işgüzar səfərdə olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 10-15 dekabr 2021-ci il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub.

Səfərin əsas məqsədi Ankarada əsasən universitet kitabxanaları, təhsil, elm və mədəniyyət qurumlarının fəaliyyəti, iş rejimi və təcrübəsinin öyrənilməsi, müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərlə tanışlıq, yeni əməkdaşlıqların qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Mərkəzi Elmi Kitabxananın fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında ankaralı həmkarların məlumatlandırılması olub.

Görüş çərçivəsində M.Göyüşlünün Hacettepe Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun təşkil etdiyi və Qarabağ zəfərinin 1 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji münasibətlərinin Qarabağ müharibəsinə təsiri” adlı konfransda çıxışı dinlənilib. Konfrans zamanı 44 günlük müharibədən sonra daha da inkişaf etmiş Türkiyə-Azərbaycan əlaqələrinə elm-təhsil qurumları olaraq töhfə vermək üçün perspektivlər müzakirə olunub.

Hacettepe Universitet kitabxanasının müdiri Pınar Alla ilə keçirilən görüş zamanı Hacettepe kitabxanasının tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanları ilə yaxından tanışlıq olub. Həmçinin MEK-in müvafiq sahədə fəaliyyəti də qarşı tərəfin diqqətinə çatdırıldıqdan sonra əməkdaşlıq haqqında memorandum imzalanmasına dair razılıq əldə olunub. Ölkələr arasında siyasi, diplomatik və mədəni əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsi zəruriliyi vurğulanaraq gələcək illərdə kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi və konfransların keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, MEK təmsilçisinin Türkiyənin Ölçmə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) sədri, professor Halis Aygün, Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin dekanı, professor Mehmet Öz və digər elm, təhsil, mədəniyyət, ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri məhsuldar olub, AMEA-nın, o cümlədən Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin təqdim edilməsi baxımından uğurlu keçib. Bütün görüş və müzakirələrdə gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi qərara alınıb.

Səfər zamanı Mübariz Göyüşlü Alimlər Dərnəyinin Ortaq türk tarixi mövzusunda keçirilən tədbirə qatılaraq Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin fəaliyyəti, ölkəmizin intellektual potensialı haqqında iştirakçıları məlumatlandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: