Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.12.2021 17:39
  • A-
  • A
  • A+

2021-ci ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda mühüm elmi nəticələr əldə edilib

2021-ci ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda mühüm elmi nəticələr əldə edilib

Dekabrın 21-də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının 2021-ci il üçün yekun iclası keçirilib. İclasda müəssisənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti, qarşıda duran vəzifələr və cari il üçün elmi-tədqiqat işlərinin təsdiqi kimi məsələlər müzakirə olunub.

İclası AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq ölkə başçısının “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” və “Dok­torantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistraturasında təhsil alan tələbələrin təqaüdlərinin artırılması haqqında” sərəncamla­rı barədə məlumat verib. Qeyd edib ki, bu sərəncamlar alimlərin və gənclərin gələcək elmi-tədqiqat işlərin­də yüksək fəallıqla iştirakına böyük stimul yaradacaq.

Sonra müəssisədə cari ildə əldə olunmuş mühüm elmi nəticələr haqqında danışan akademik Dilqəm Tağıyev institut əməkdaşlarının bu il səmərəli elmi fəaliyyət göstərərək 3 problem üzrə - “Azərbaycan mineral xammalının kompleks emal texno­logiyasının  işlənilməsi və yüksək texnologiyalar üçün unikal xassəli yeni qeyri-üzvi materialların alınması”, “Kimya və neft kimyası sənayeləri üçün yeni və səmərəli katalitik sistemlərin yaradılması” və “Texnoloji proseslərin modelləşdirilməsi və optimallaşdırılması” tədqiqatlar apardıqlarını söyləyib. Hesa­bat ilində iş planına uyğun olaraq 8 mövzu və 34 iş çərçivəsində icra olunan tədqiqat işləri Kimya Elmləri Bölməsinin prioritet istiqamətləri üzrə yerinə yetirilib, tədqiqatların nəticələri 5 monoqrafiya, 2 dərslik, 161 məqalə, 149 tezis şəklində çap edilib.

Hesabat ilində xarici ölkə jurnallarında 96 məqalə çap olunub. Məqalələrin 99-u “Web of Science” bazasına daxil olan jurnallardadır. “Clarivate Analytics” bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən  6-sı Q1, 2-si Q2, 26-si Q3, 6-si isə Q4 qrupuna daxil edilib. Daha 42 məqalə “Scopus” və 26 məqalə digər bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü görüb.

2021-ci ilin 11 ayı ərzində qurumun əməkdaşlarının məqalələrinə 1200-dən yuxarı is­tinad­ qeydə alınıb.

İnstitutda nəşr olunan “Azerbaijan Chemical Journal” və “Chemical Problems” jur­nalları 2021-ci ildə “Scopus” bazasında olan jurnallar sırasına daxil edilib ki, bu da müəssisənin elmmetrik göstəricilərinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə dəstək ola­caq.

Hibrid və onlayn rejimdə baş tutan beynəlxalq konfransların materiallarında institut əməkdaşlarının 103 tezisi çap edilib. Müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı kimyaçı alimlərlə vebinar və seminarlar keçirilib.

İnstitutda çap olunan monoqrafiyalardan biri “Generis Publishing” nəşriyyatında (Mol­dova) nəşr edilib. “Intech Open” nəşriyyatında (Böyük Britaniya) çap olunan “Nano- və mikrokapsulyasiya, metodlar və tətbiqlər” adlı 9 fəsildən ibarət kitabın 7-ci fə­sli institutun alimləri tərəfindən yazılıb, bir dərslik isə Moskvada işıq üzü görüb.

Hesabat ilində institutun əməkdaşları 9 patent alıb və patent almaq üçün 5 iddia sənədi Əqli Mülkiyyət Agentliyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi əldə olunub.

Cari ildə müəssisədə 3 beynəlxalq qrant layihəsi – “Horizon 2020” (1) və Rusiya Fundamental Təd­­­qi­qatlar Fondu (2) çərçivəsində tədqiqatlar davam etdirilib. SOCAR və Elmin İnki­şafı Fondunun 8 qrantı üzrə də tədqiqatlar aparılıb. Daha 2 layihə Gənc Alim və Tədqiqatların 5-ci qrant müsabiqəsinin qalibi olub.

2021-ci ildə elan edilmiş SOCAR-ın növbəti qrant müsabiqəsinə institut əmək­daşları 10 layihə, Azərbaycan-Belarus qrant müsabiqəsinə isə 3 layihə təqdim ediblər.

Hesabat ilində əldə edilmiş mühüm elmi nəticələrin bir neçəsini qeyd etmək olar:

- Qeyri-Nyuton neftlərinə xas olan hidravlik diffuziya tənliyinin analitik həllinə əsaslanaraq məsaməli mühitlərdə hidravlik diffuziya və keçiricilik əmsallarının qiymətləndi­rilməsi üçün yeni ifadələr alınıb;

- MnTe·mBi2(Sb2)Te3 homoloji sıralarına aid laylı birləşmələrin yeni nümayəndələri sintez edilib, onların monokristalları alınaraq tədqiq edilib və göstərilib ki, bu materialların maqnit, elektron və topoloji izolyator xassələri m əmsalının qiymətin­dən kəskin asılıdır ki, bu da onlar əsasında antiferromaqnit və 2D spintronika üçün yeni funksional Van-der-Vaals heterostrukturlar yaratmağa imkan yaradır;

- mezoməsaməli alüminium oksid üzərində monomolekulyar adsorbsiya olunmuş pen­ta-FTPhFe(III)/Al2O3 biomimetik katalizatoru üzərində metanın hidrogen perok­sid ilə reaksiyası nəticəsində 19% çıxımla və 69% selektivliklə birbaşa metanol alın­ıb;

- xlorkarbohidrogenlərin oksidləşmə prosesləri üçün optimal reaktor kimi müvafiq ola­raq “qaynar” və “tərpənməz” katalizator laylı reaktorların daha məqsədəuyğun olması müəyyənləşdirilib;

- xitozan modifikantları əsasında sintez olunmuş yeni enterosorbentlərin kobalt, mis və nikel ionlarının az miqdarlarının insan orqanizminin daxili mühiti şəraitində yüksək effektivliklə sorbsiya etmək qabiliyyəti aşkar edilib ki, bu da klinik təcrübələrdə detoksikasiya prosesinin səmərəliliyini artırmaq üçün imkan yaradır;

- kombinə edilmiş üsulla alınmış nazik təbəqəli Fe2O3/TiO2 və FeSx/TiO2 heterosistemlərinin fotoelektorkimyəvi xassələrinin tədqiq edilməsi onların fotoelektroliz prosesin­də model elektrod kimi istifadə edilməsi imkanını  yaradır;

- nanoelektronika üçün maqnit xassəli yarımkeçirici qrafen nanokristallarının elektron quruluşu, fiziki və fiziki-kimyəvi xüsusiyyətləri kvant kimyəvi metodla modelləşdirilib, qrafen kristalına vakansiyaların və ya germanium atomlarının təsiri nəticəsində enerji zonasının yenidən qurulması, Fermi səviyyəsinin yerdəyişməsi və qadağan olunmuş zonanın genişlənməsi qeyri - emprik hesablama üsulu ilə təsdiq edilib.

İnstitut əməkdaşları 2021-ci ildə “Baku Steel Company” MMC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Salyan və Saatlı rayonlarının pambıqçılıqla məşğul olan fer­mer təsərrüfatları ilə müqavilələr əsasında tətbiqyönümlü birgə işlər aparıb və uğurlu nəticələr əldə ediblər.  

Akademik Dilqəm Tağıyev qeyd edib ki, AMEA-nın 2020-2025-ci illər üçün qəbul edilmiş konsepsiyasında nəzərdə tutul­muş prioritet istiqamətlər üzrə ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, alternativ enerji mənbələri və hidrogen energetikası, su qovşaq­larının metal avadanlığının korroziyadan mühafizəsi, mineral xammalın emalı, yük­sək texnologiyalar üçün yeni materialların və enerji çeviricilərinin, nanokataliza­tor­ların, bioaktiv polimerlərin və nanogellərin sintezi, təbii qazdan monomerlərin alınması, kimya sənayesinin yan məhsullarının işlənilməsi, texnoloji proseslərin modelləşdirilməsi və opti­mal­laşdırılması sahəsində tədqiqatlar 2022-ci ildə institutun elmi fəaliyyətinin əsa­sın­da duran vacib vəzifələr olacaq.

Sonda akademik Dilqəm Tağıyev iclas iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara yeni ildə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: