AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda tanınmış şair, dramaturq, tədqiqatçı Müzəffər Nəsirlinin anadan olmasının 110 illiyi münasibətilə elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda müntəzəm olaraq Naxçıvan mühitinin tanınmış nümayəndələrinə həsr olunmuş müxtəlif tədbirlər, elmi konfranslar keçirilir. Bu gün baş tutan konfrans da şair, dramaturq, tədqiqatçı, pedaqoq Müzəffər Nəsirlinin 110 illik yubileyinə həsr olunub. Şairlə bağlı aparılan araşdırmalardan söz açan alim institutda nəşr olunan “Taleyi və sənəti” seriyası üzrə növbəti kitabın Müzəffər Nəsirliyə həsr olunacağını diqqətə çatdırıb.
Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov konfransda “Müzəffər Nəsirlinin həyat və yaradıcılığı” haqqında məruzə edib.
Tədqiqatçı əvvəlcə istedadlı şair və qələm sahibi Müzəffər Nəsirlinin həyatı və yaradıcılığını əhatəli şəkildə təhlil edib. Diqqətə çatdırıb ki, hələ erkən yaşlarında yaradıcılığa başlayan şair həmin illərdə Naxçıvanda təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyinin fəal iştirakçısı olmuş, 17 yaşında ikən Naxçıvan Proletar Yazıçılar Cəmiyyətinə katib seçilib. Şairin “Həyat haqqında mahnı”, “İşıq”, “Mənim respublikam”, “Araz sahilində”, “İki ürək” kimi kitabları nəşr olunub. Yaradıcılığı dövründə əvvəlcə “Asim”, “Sələsüzlü”, sonralar isə “Nəsirli” imzası ilə şeirlər yazıb.
Şair kimi yüksək peşəkarlıq nümayiş etdirən Müzəffər Nəsirli qələmini dramaturgiya sahəsində də sınayıb, “Azadlıq günəşi”, “Qanlı qanunlar” və digər dram əsərlərini qələmə alıb.
İkinci Dünya müharibəsi zamanı ən qızğın döyüşlərdə iştirak edən istedadlı şair müharibə və döyüşçü ruhunun incəliklərini anladan şeirlər yazıb. Bu əsərlər müharibənin dəhşətləri ilə yanaşı, Azərbaycan oğullarının qəhrəmanlığını, rəşadətli mübarizəsini əks etdirir.
“Naxçıvan duzu”, “Qızlar bulağı”, “Əlincə qalası”, “Şahbuz lövhələri” kimi şeirlər şairin Naxçıvanın təbiətinə, tarixinə, mədəniyyətinə, insanlarına bəslədiyi dərin məhəbbəti bütün əzəmətilə əks etdirir.
Qeyd olunub ki, Müzəffər Nəsirli yaradıcılığında Naxçıvanın müxtəlif sahələrdə ad çıxarmış adlı-sanlı qadınlarından bəhs edən irihəcmli əsərlər mühüm yerə malikdir. Onun Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr olunan “Arpaçayın sahilində” əsəri zəhmətkeş Naxçıvan qadını və onun əməkçi rəşadətini poetik ustalıqla tərənnüm edir.
Dosent Ramiz Qasımov məruzəsində Müzəffər Nəsirlinin apardığı tədqiqatların mahiyyətindən bəhs edərək bildirib ki, onun ötən əsrin 70-ci illərində yazdığı “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat” adlı monoqrafiyası Naxçıvanda ədəbi mərhələ və prosesin inkişaf vəziyyətinə həsr olunan ən etibarlı və qiymətli mənbədir.
“Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi” pyesi Naxçıvan səhnəsində” mövzusunda məruzə edən institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov söyləyib ki, maraqlı süjet xəttinə malik əsəri oxuyarkən Qönçəbəyim dövrünün Naxçıvanı oxucunun gözləri qarşısında canlanır. Bu isə Müzəffər Nəsirlinin yüksək peşəkarlığının nəticəsidir. Dramaturqun Naxçıvan teatrında səhnələşdirilən pyesləri, bu əsərlərin özünəməxsus çalarları, obrazları canlandıran incəsənət nümayəndələrinin sərgilədikləri uğurlu təqdimatın şərhi məruzənin əsasını təşkil edib.
Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva konfransda “Müzəffər Nəsirli yaradıcılığında cənub mövzusu” ilə bağlı məruzə edib. Şairin cənub mövzusuna həsr olunmuş əsərlərindən nümunələr səsləndirən tədqiqatçı şeirləri təhlil edib. Vurğulanıb ki, cənub mövzulu əsərlərdə bu həsrətin bir gün sona yetəcəyinə, haqq-ədalətin bərqərar olacağına inam ifadə olunur.
“Naxçıvan” Universitetinin “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirli “Müzəffər Nəsirlinin uşaq şeirlərinin qəhrəmanları, yaxud baba haqqında nəvə sözü” başlıqlı çıxış edib. O, həm bir tədqiqatçı, həm də şairin nəvəsi kimi Müzəffər Nəsirli yaradıcılığında uşaq şeirlərinin əsas qəhrəmanları, şeirlərdə uşaqlara aşılanan mənəvi duyğu və düşüncələrdən söz açıb. Əsərlərdən gətirdiyi nümunələr əsasında şairin istifadə etdiyi söz və ifadələrin mükəmməlliyindən bəhs edib. Bildirib ki, bu xüsusiyyət şairin uşaqlara olan sevgisinin bədii əksi olmaqla yanaşı, həm də onların rəngarəng dünyasına yaxından bələd olması ilə bağlıdır.
Görkəmli şəxsiyyətlərə göstərilən diqqət və qayğıdan söz açan İnara Nəsirli babasının yaradıcılığına verilən yüksək dəyərə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.