Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

23.12.2021 12:28
  • A-
  • A
  • A+

MEK-də “Abuzər Xələfov - 90” adlı sərgi keçirilir

MEK-də “Abuzər Xələfov - 90” adlı sərgi keçirilir

Respublikada kitabxanaşünaslıq elminin banisi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfovun 90 illik yubileyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.

Sərgidə görkəmli kitabxanaçı Abuzər Xələfovun müəllifi olduğu nəşrlər, jurnallar, eləcə də alimin məqalələrinin yer aldığı materiallar nümayiş etdirilir. Bunların sırasında Abuzər Xələfovun həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş “Biblioqrafik məlumat kitabı” (2011), ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edən “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (2006), “Azərbaycanda kitabxana işinin tarixi” (2010) dərsliyi, “Kitabxana və cəmiyyət”, “Bakı Dövlət Universitetinin elmi kitabxanası 90 il elm və təhsilin xidmətində” (2009) monoqrafiyaları, “Biblioqrafik məlumat kitabı” (2006) və s. yer alıb. Bundan əlavə, Abuzər Xələfovun təsisçisi və baş redaktoru olduğu “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktiki jurnalın nömrələri də sərgidə öz əksini tapıb.

Məlumat üçün bildirək ki, Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda - Göyçə mahalında anadan olub. O, Sovetlər Birliyində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alimdir. A.Xələfov böyük alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadim olub. Onun səmərəli elmi-tədqiqat fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. Professor Xələfovun fəal iştirakı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb. Alim  2020-ci il aprelin 27-də 89 yaşında vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: