Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2021 11:52
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda bayram tədbiri keçirilib

Radiasiya Problemləri İnstitutunda bayram tədbiri keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda sözügedən müəssisənin Həmkarlar Təşkilatı ilə birgə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Yığıncağı giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ənənəvi olaraq 2021-ci ildə də alimlərimizin səmərəli fəaliyyət göstərdiyini və mühüm nailiyyətlər qazandığını bildirib. İnstitut rəhbəri sonda bütün əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və bu günün həmvətənlərimiz üçün əhəmiyyətindən danışıb, eləcə də azərbaycançılıq məfkurəsi və onun təbliğində, dünyada ölkəmizin daha çox tanıdılmasında alimlərimizin fəaliyyətini yüksək qiymətləndirib. Rəvan Mehdiyeva çıxışının sonunda Həmrəylik Gününün dünya azərbaycanlılarına məhz Ümummilli Lider Heydər Əliyevin hədiyyəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova bildirib ki, Həmkarlar Təşkilatı alimlərimizə və digər institut əməkdaşlarına daim diqqət və qayğı göstərib. Ə.Mikayılova qeyd edib ki, cari ildə də koronavirus pandemiyası ilə əlaqədar institutda maarifləndirici görüşlər keçirilib və inzibati binalara ilkin tibbi yardım preparatları paylanıb, həmçinin “Elm günü” münasibəti ilə gənc alimlərimiz mükafatlandırılıb və maddi yardımlar edilib, əməkdaşlarımızın iştirakı ilə Şamaxı şəhərinə gəzinti təşkil olunub.

2021-ci ildə də öz ənənəsinə sadiq qalan qurumun Həmkarlar Təşkilatı YAŞAT Fonduna ianə edib, institutun qadın əməkdaşlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram hədiyyələri ilə sevindirib, eləcə də ikisi II Qarabağ müharibəsi iştirakçısı olan 5 əməkdaşa sanatoriya, 1 əməkdaşa isə istirahət göndərişləri verib və 27 sentyabr - Anım Günü münasibəti ilə müharibə iştirakçılarına maddi yardımlar edib.

Tədbirin sonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə institutun aztəminatlı 75 əməkdaşına Həmkarlar Təşkilatı tərəfindən bayram sovqatı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: