Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2021 17:28
  • A-
  • A
  • A+

Qəzənfər Paşayevin şəhid general-mayor Polad Həşimovun xatirəsinə ithaf etdiyi kitabının təqdimat mərasimi keçirilib

Qəzənfər Paşayevin şəhid general-mayor Polad Həşimovun xatirəsinə ithaf etdiyi kitabının təqdimat mərasimi keçirilib

AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə ithaf etdiyi “Qəbələ keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilib.

“Azərkitab” kitab mərkəzində reallaşan mərasimin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı kitabın Azərbaycan və türk dünyası üçün önəmini vurğulayıb.

Professorlar Abid Tahirli və Şirindil Alışanov kitabın məziyyətləri, müəllifin çoxşaxəli və məhsuldar elmi fəaliyyəti haqqında danışıblar. Alimlər Qəzənfər Paşayevin bu yeni əsərindəki ümumazərbaycan aspektini və İraq-Türkman adət-ənənələri, mədəniyyəti ilə səsləşmələrə dair misalları vurğulayıb, Əməkdar elm xadiminin etnoqrafik yaddaşa müraciət etdiyini bildiriblər.

Abid Tahirli və Şirindil Alışanov Qəzənfər Paşayevin yeni monoqrafiyasının “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” işığında müəllifin təəssüratlarını, qənaət, fikir və ideyalarını ehtiva etdiyini deyiblər. Monoqrafiyada Qəbələnin eramızdan əvvəlki dövrdən zəmanəmizədək uzanan zəngin tarixinə ekskurs edildiyini vurğulayan natiqlər, tarixin hər birinin minillikləri əhatə edən qədim Paleolit, Mezolit, Neolit, Enepolit, Tunc, Dəmir dövrlərinin səciyyəvi özəlliklərindən də bəhs edildiyini bildiriblər.

Milli Məclisin deputatları - Qənirə Paşayeva, Vüqar İskəndərov, Arzu Nağıyev professor Qəzənfər Paşayevin öncəki əsərlərinə, özəlliklə məşhur “6 il Dəclə-Fərat sahillərində” kitabına istinad edib, yeni əsərini də axarlı üslubda yazdığını, çoxsaylı faktları oxucunu yormadan maraqlı bir şəkildə təqdim etdiyini vurğulayıblar. Onlar əsərdə Qəbələnin etnoqrafiya dünyasının ümumazərbaycan etnoqrafiyası kontekstində gündəmə gətirildiyini və tədqiqat süzgəcindən keçirildiyini deyib. Onlar, kitabın bir fəslinə ad verildiyi kimi “Bitib-tükənməyən incilər xəzinəsi”də insana beşikdən qəbrədək yol yoldaşı olan şifahi xalq ədəbiyyatının hərtərəfli araşdırıldığını söyləyiblər.

Şəhid general-mayor Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimova oğlunun şərəfinə yazılmış kitaba və təqdimata görə Qəzənfər Paşayevə, onu ayaq üstə qarşılayan və alqışlayan bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib, ürək sözlərini söyləyib.

Çıxış edən digər natiqlər müəllifin elmi-pedaqoji və ədəbi fəaliyyəti və yaradıcılıq uğurları haqqında ürək sözlərini bölüşüblər.

Çıxışlarda monoqrafiyanın təkcə mütəxəssislər üçün deyil, eləcə də, tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucular üçün maraqlı olacağı deyilib.

Professor Elçin İsgəndərzadə Qəzənfər Paşayevə “Uluslararası Ödül Komitəsi” adından “Altın medal”, “Fəxri akademik” diplomu və cübbəsi, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar isə “Fəxri fərman” təqdim edib.

Sonda kitabın müəllifi, Əməkdar elm xadimi Qəzənfər Paşayev çıxış edərək, onun yaradıcılığına, təqdimata görə təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara təşəkkür edib. Q.Paşayev Polad Həşimovun əziz ruhuna ithaf etdiyi “Qəbələ keçmişdə və günümüzdə” kitabının yazılma səbəbi, ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin xalqımızın tarixinə, respublikamızın, o cümlədən bölgələrin inkişafına xüsusi töhfələrindən, Vətən müharibəsindəki tarixi Zəfərdən danışıb.

Sonra müəllif kitabını iştirakçılar üçün imzalayıb.

Qeyd edək ki, bu ilin sentyabrında “Təhsil” nəşriyyatında nəfis tərtibatla gün üzü görən kitab Ümummilli Liderin “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır”, ölkə Prezidenti İlham Əliyevin “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük” sözləri ilə açılır. Monoqrafiyanın redaktoru akademik Nərgiz Axundova, “Ön söz” müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, rəyçisi filologiya elmləri doktoru, professor Abid Tahirlidir.

AzərTac

  • Paylaş: