Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.12.2021 17:26
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin əməkdaşları Türkiyədə səfərdə olublar

Seysmoloji Mərkəzin əməkdaşları Türkiyədə səfərdə olublar

20-26 dekabr tarixlərində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, mərkəzin əməkdaşları Lalə Piriyeva və Gülnar Hüseynzadə Türkiyədə səfərdə olublar.

Səfər Seysmoloji Mərkəz və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti arasında imzalanmış razılaşma protokoluna əsasən baş tutub.

Ezamiyyə çərçivəsində RSXM-nin əməkdaşları AFAD prezidenti Yunus Sezerlə görüşüblər. Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Mərkəz əməkdaşları AFAD-ın Zəlzələ Departamentində seysmoloji emal sistemi və AFAD xəbərdarlıq sistemi ilə tanış olublar.

AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Murad Nurlu, Zəlzələ Müşahidə Sisteminin rəhbəri Vedat Özsaraç, departamentin əməkdaşları - Kudret Tekin, Meltem Türkoğlu, Fatih Alver və digər mütəxəssislər tərəfindən müasir seysmik analiz sahəsində RSXM əməkdaşları üçün treninqlər keçirilib. Ankara Universitetinin professoru Bahadır Aktuğ tərəfindən isə Kolombo stress və GNSS analizi mövzularında təlim keçirilib.

Səfər çərçivəsində RSXM əməkdaşları AFAD-ın “Akyurt” və “Gokçe” stansiyalarına səfər edərək, stansiyaların işi ilə yaxından tanış olublar.

Qeyd edək ki,  gələn il Türkiyə tərəfi Azərbaycana bir ədəd dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ilin ortalarında quraşdırılması nəzərdə tutulub. Tərəflər arasındakı razılaşmaya əsasən, məlumat mübadiləsi sahəsində Türkiyənin 10 seysmik stansiyalarının məlumatları RSXM-nin Monitorinq Mərkəzinə ötürüləcək. Qarabağda seysmik stansiyaların quraşdırılması sahəsində də AFAD-ın Zəlzələ Departamenti ilə əməkdaşlıq ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: