Yer Elmləri Bölməsinin Elmi şurasının AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə birgə iclası keçirilib.
Tədbir Coğrafiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunub.
Öncə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin və dünyasını dəyişmiş institut əməkdaşları sabiq direktor, akademik Ramiz Məmmədov, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov, coğrafiya üzrə fəlsəfə doktorları Qalib Rüstəmov, Elxan Məmmədbəyov, Qəşəm Yaqubov və Tapdıq Osmanovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov sözügedən müəssisənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabat məruzəsi ilə çıxış edib.
Zakir Eminov Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin müvafiq Fərman, qərar və sərəncamları, eləcə də Dövlət proqramlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi istiqamətində Coğrafiya İnstitutu əməkdaşlarının gördüyü işlər barədə danışıb.
Baş direktor cari ilin tədqiqat işlərinin 2 problem - Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi - coğrafi və siyasi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 2021-ci ildə institutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən yerinə yetirilən 15 mövzu, 19 iş və 20 mərhələdən cari ilin sonunda 2 mövzu, 4 iş və 20 mərhələ başa çatdırılıb.
2021-ci il müddətində Coğrafiya İnstitutunda 2 jurnal, 10 monoqrafiya, 2 dərslik, 1 dərs vəsaiti və 12 fənn proqramı, 116 məqalə (6-sı “Web of Science”, 3-ü “Scopus” elmi bazalarında indeksləşən jurnallara daxildir) və 4 tezis nəşr edilib.
Z.Eminov bildirib ki, cari ildə bir institut əməkdaşı professor elmi adı alıb (mərhum c.e.d. H.Xəlilov), 2020-ci ilin fəlsəfə doktoru hazırlığı üzrə qəbulun nəticələrinə əsasən 4 nəfər doktoranturaya, 4 nəfər dissertanturaya, bundan əlavə, 2021-ci ilin qəbul nəticələrinə əsasən 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və 1 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul edilib.
İnstitut direktoru, həmçinin alınmış mühüm nəticələr, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr və qrant layihələri, ezamiyyətlər, ekspedisiyalar və çöl tədqiqat işləri, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, seminarlar, yubileylər və digər görülmüş işlər barədə məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, icraçı direktoru Dadaş Hüseynov, şöbə müdiri Əkpər Feyzullayev, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Coğrafiya İnstitutunun əməkdaşları - şöbə müdirləri, a.ü.f.d. Ənvər Əliyev, c.ü.f.d. Habil Haqverdiyev, c.e.d. Məhəmməd Abduyev çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.
Yekunda müəssisənin birillik fəaliyyəti və əldə olunan nəticələr yüksək qiymətləndirilib və illik hesabatı yekdilliklə qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.