Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2021 15:18
  • A-
  • A
  • A+

Azərbaycanda 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib

Azərbaycanda 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib

Yer Elmləri Bölməsinin Elmi şurasının AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbir Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunub.

Öncə tədbir iştirakçıları Vətən müharibəsində canından keçən şəhidlərimizin və pandemiya dövründə vəfat edən akademiya əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasa sədrlik edən AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov hesabatı təqdim etmək üçün sözü sözügedən mərkəzin  baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə verib. Baş direktor əvvəlcə 2021-ci ildə  mərkəzin Dövlət proqramları çərçivəsində gördüyü işlər, qrant layihələri və onların icra vəziyyəti, kadr potensialı, kadrların təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.

RSXM-nin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələr də təqdim olunub. Q.Yetirmişli bildirib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyaların məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi  aparılıb. Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.

Azərbaycan və ona  bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib.  Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş olub.

İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub. Böyük  Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub. Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə sərhəddində, Gürcüstan-Ermənistan sərhəddində seysmiklik yüksək olub. Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb.

Baş direktor çıxışı zamanı geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar zamanı əldə olunmuş nəticələr haqqında da danışıb. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması bütün sahələrdə olduğu kimi Qarabağın seysmikliyinin öyrənilməsi baxımından RSXM-nin də qarşısında mühüm vəzifələr qoyub. Buna görə də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib. Həmin stansiyaların hazırda mövcud olan mina təhlükəsi aradan qaldırıldıqdan sonra quraşdırılması nəzərdə tutulur.

Beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə 22 yeni seysmik stansiyanın gətirildiyini bildirən professor həmin stansiyalardan 3-nün artıq fəaliyyətə başladığını, digər stansiyaların isə quraşdırılması prosesinin davam etdirildiyini deyib. O, bildirib ki, bu stansiyalardan 12-i palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da vulkanların seysmik stansiyalar vasitəsi ilə izlənməsi və orada gedən proseslərin öyrənilməsi sahəsində dünyada ilk nüminə olacaq.

Hesabatda, həmçinin RSXM-nin beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunulub. Bildirilib ki, hazırda 30-dan çox xarici ölkələrin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edən Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində də uğurlu nəticələri olub. Belə ki, il ərzində Böyük Britaniyanın Oksford Universiteti, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Ukrayna Elm və Texnologiya Mərkəzi, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC), ABŞ-ın Missiru Universiteti, Fransa-Azərbaycan Universiteti, Strasburq Universiteti, Gürcüstan Respublikasının İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzi, Meksikanın Milli Muxtar Universiteti və Meksikanın Seysmoloji Mərkəzi, Böyük Britaniyanın Kembric Universiteti ilə ikitərəfli əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi sahəsində mühüm müzakirələr aparılıb. Mərkəz tərəfindən respublika ərazisində baş verən zəlzələlər haqqında məlumatlar www.seismology.az saytı vasitəsi ilə mütəmadi olaraq operativ şəkildə ictimaiyyətə çatdırılır. Həmçinin, RSXM-nin fəaliyyətinin sosial şəbəkələrə (Vikipediya, Facebook, Telegram, YouTube) çıxışı da təmin edilib.

Hesabatın təqdimatından sonra RSXM-nin baş direktoru tərəfindən AMEA-nın Yer Elmləri Bölməsinin üzvülərini maraqlandıran suallar cavablandırılıb. Hesabat bölmə üzvüləri tərəfindən qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: