12-14 mart 2015-ci il tarixlərdə Moskvada keçirilmiş Mobil texnologiyalar üzrə III Beynəlxalq sərgidə istehsalçılar mobil qurğuların köməyi ilə mənzillərdə rahatlıq yaratmaq, avtomobil təmirinə qənaət etmək və nəqliyyatla bağlı yaranan problemləri aradan qaldırmaq məqsədiylə üsullar təqdim ediblər. Sərginin əsas ideyası ondan ibarətdir ki, smartfon və ya başqa qurğular bizi əhatə edən dünya haqqında əsas informasiya mənbəyi olmaqla yanaşı, həm də ətraf mühitimizə fəal təsir göstərən vasitələrdir. Sərgi iştirakçıları evlərdə rahatlığı təmin etmək, sürücülərin həyatını rahatlaşdırmaq, həmçinin sosial şəbəkələri və informasiya xidmətlərini yeni səviyyəyə çatdırmaq məqsədiylə qurğu və proqramlar hazırlayıblar.
“Ağıllı Ev” rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan hər şeyə nəzarət edib, “qaranlıq oldu – işığı qoş”, “soyuqdur – qızdırıcını qoş” kimi dəqiq alqoritmlər üzrə funksiyaları həyata keçirir və zaman keçdikcə insanın istəklərini öncədən analiz edərək tədbir görür.
Yaradılan proqramlar nəinki insanların rahatlığını, eyni zamanda istehsalatdan nəqliyyatın idarəedilməsinə qədər müxtəlif proseslərin optimallaşmasını təmin etmək məqsədi daşıyır.