AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan müstəqillik illərində” mövzusunda interaktiv dərs keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev dövlət müstəqilliyinin bərpasından sonra ölkədə mövcud olan vəziyyətdən bəhs edərək bildirib ki, Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında məqsədyönlü addımlar atılırdı. Ulu öndərin xalqı bəlalardan xilas etmək üçün qısa müddətdə həyata keçirdiyi tədbirlərdən söz açan alim vurğulayıb ki, dahi lider Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsi ilə bu siyasət ölkə miqyasında həyata keçirilməyə başlandı. Vurğulanıb ki, 1995-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra Naxçıvan yeni, sürətli inkişaf mərhələsinə qədəm qoyub.
Ötən dövr ərzində muxtar respublikada qeydə alınan inkişafı diqqətə çatdıran akademik müstəqillik illərində elm, təhsil, səhiyyə, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan uğurlara nəzər salıb, bəzi statistik müqayisələr aparıb.
Təhsilə göstərilən dövlət qayğısından söz açan alim söyləyib ki, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə yeni məktəb binalarının istifadəyə verilməsi, təhsil müəssisələrinin ən müasir avadanlıqlarla təchiz olunması, elmi və bədii ədəbiyyatlarla zənginləşdirilməsi, yaradılan hərtərəfli şərait ilbəil öz müsbət nəticəsini verir.
Elm sahəsində də xeyli inkişafın əldə olunduğunu diqqətə çatdıran akademik Naxçıvanın hərtərəfli öyrənilməsi istiqamətində aparılan araşdırmalardan, hazırlanan kadr potensialından, gənclərdə elmə marağın artırılması istiqamətində görülən işlərdən bəhs edib.
O, muxtar respublikada ərazi, enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunduğunu deyərək bildirib ki, əsrin əvvəllərində Naxçıvanda yalnız Araz Su Elektrik Stansiyası mövcud idisə, bu gün su, Günəş, külək elektrik stansiyalarının fəaliyyəti təmin edilib və bu sahədə xeyli irəliləyişlər əldə olunub.
Dərsdə Naxçıvanda davamlı və kompleks inkişafın tam təmin olunduğu, sənaye və kənd təsərrüfatı sahəsində atılan kompleks addımların bu inkişafa öz töhfəsini verdiyi vurğulanıb. Sənaye, kənd təsərrüfatı, iqtisadiyyat sahələrində əldə olunan uğurları məktəblilərin nəzərinə çatdıran alim əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı görülən işlərindən söz açıb.
İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.