Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2022 10:32
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda elmi sessiya keçirilib

Folklor İnstitutunda “Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Folklor İnstitutunda filologiya elmlər doktoru, professor Cəlal Qasımovun həyat və yaradıcılığına həsr olunmuş “Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar İmanov açaraq bildirib ki, bugünkü sessiya tanınmış alim, professor mərhum Cəlal Qasımovun həyat və yaradıcılığına həsr olunub. Akademik çıxışı zamanı alimin həyat fəaliyyətinin bütün mərhələlərində, harada çalışmağından və hansı cəbhədə fəaliyyət göstərməyindən asılı olmayaraq milli yaddaşımızın oyanışı, gənc nəsil olaraq milli ruhda böyüməyimiz, yaşamağımız, fəaliyyət göstərməyimiz uğrunda mübarizə apardığını nəzərə çatdırıb. M.İmanov bildirib ki, arxiv materiallarını üzə çıxarmaq, onu sistemli şəkildə təhlil etmək, elmi müstəviyə gətirmək, xalqın mənəvi yaddaşı ilə, dünəni, bugünü və gələcəyi ilə, bütövlükdə xalqın taleyi ilə bağlamaq, yüksək elmi və milli istiqamətli təhlillərdən keçirmək hər mütəxəssisin işi deyil. Bu nadir xidmət məhz C.Qasımovun qismətinə düşüb. Akademik vurğulayıb ki, C.Qasımov Azərbaycan ədəbiyyatının, folklorunun və Azərbaycanın ictimai-siyasi və mənəvi tarixinin çox müxtəlif sahələri ilə bağlı 30-dan çox sanballı kitab ortaya qoyub.

Daha sonra söz məruzəçilərə verilib. Folklor İnstitutunun şöbə müdiri, f.e.d., professor Seyfəddin Rzasoy “Azərbaycan folklorşünaslığının fədaisi” mövzusunda çıxış edib. Professor məruzəsi zamanı Cəlal Qasımovun çox ağır bir sahənin tədqiqi ilə məşğul olduğunu, 37-ci il qurbanlarının, o ağrılı dövrün həm siyasi, həm də tarixi baxımdan öyrənmənin metodologiyasını verdiyini diqqətə çatdırıb. S.Rzasoy bildirib ki, C. Qasımov öz yaradıcılığı, ziyalı şəxsiyyəti və folklorçu şəxsiyyəti ilə hələ bizim şüurumuzda, Azərbaycan humanitar-filoloji fikrində mənalanmaqda davam edəcək. 

Yığıncaqda filologiya elmlər doktoru Ramazan Qafarlı isə “Cəlal Qasımov:böyük insan, əsl ziyalı, ədəbiyyat və elm fədaisi” mövzusunda məruzə edib. Alim bildirib ki, C.Qasımovun fəaliyyəti elə çoxşaxəlidir ki, o, gələcəkdə həm ədəbiyyatşünas, həm folklorşünas, həm də tarixçi kimi ayrıca tədqiq olunacaq.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Azərbaycan repressiyaşünaslığının sonuncu mogikanı” mövzusunda çıxış edərək bildirib ki,  C.Qasımov, əsasən repressiya problemlərinə həsr olunmuş qiymətli tədqiqatları, eləcə də Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı məsələləri haqqında yazdığı dəyərli əsərləri ilə ədəbi ictimaiyyət arasında tanınıb. T.Orucov Cəlal Qasımovun əksər qiymətli monoqrafiyalarının bilavasitə repressiyaşünaslıq məsələlərinə həsr edilən  dəyərli tədqiqatlar olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, alim sözügedən monoqrafiyalarında XX əsrin 20-50-ci illərində bolşevik rejiminin Azərbaycanda törətdiyi qanlı repressiyalarının mənzərəsini təsvir edib, o dövrün  repressiya qurbanları olan Firidun bəy Köçərli, Hüseyn Cavid, Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Əmin Abid, Bəhlul Bəhcət kimi onlarla görkəmli sənətkarların faciəli həyatını təsvir etməklə yanaşı, onların ədəbi-nəzəri görüşlərini də hərtərəfli şəkildə təhlil edib.

Elmi sessiyada şair, publisist Mahir Cavadov isə “Tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən işıqlı adam” mövzusunda məruzə edərək alimin elmə böyük dəyər verdiyini xatırladıb. M.Cavadov çıxışının sonunda bildirib ki, C.Qasımov elmə repressiyaşünaslıq mövzusunu gətirib və şübhəsiz ki, onun yaradıcılığı böyük tədqiqatların mövzusu olacaq.

Daha sonra iştirakçılarından f.e.d. Leyla Məmmədova, f.ü.f.d. Sevinc Əliyeva, f.ü.f.d., dosent İlhamə Qəsəbova alim haqqında xatirələrini bölüşüblər.

Sonda tanınmış  ziyalının həyat yoldaşı Sevda Qasımova və oğlu Fuad Qasımov alimin xatirəsini yad edib əziz tutduqları üçün institut rəhbərliyinə, bütün sessiya iştirakçılarına və məruzəçilərə təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: