AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərovun 60 illik yubileyi qeyd edilib.
Tədbirdə müəssisənin baş direktoru, professor Nadir Məmmədli çıxış edərək Mayıl Əsgərovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirilib ki, Mayıl Əsgərov 1962-ci il yanvarın 17-də Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya gəlib. Mayıl Əsgərov 1990-cı ildə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1994-2000-ci illərdə orduda xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının, NATO Birləşmiş Komandanlığının fəxri fərmanları, qiymətli hədiyyələri ilə təltif olunub.
Mayıl Əsgərov 2013-cü ildən isə institutun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiridir. 2005-ci ildə “Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr” mövzusunda namizədlik dissertasiyasını, 2016-cı ildə isə “Dillərin leksik-qrammatik səviyyədə tədqiqinin linqvopsixoloji problemləri” mövzusunda doktorluk dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Professor Nadir Məmmədli qeyd edib ki, Mayıl Əsgərovun çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitləri milli dilçilik xəzinəsinin dəyərli incilərindəndir. Alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçiliyinin psixolinqvistika sahəsinə güclü təsir göstərməkdədir.
Tədbirdə professor Sayalı Sadıqova “Linqvopsixologiyanın aktual problemlərinin tədqiqatçısı” adlı məruzəsində bildirib ki, Mayıl Əsgərovun yaradıcılığının əsas istiqamətini dilin psixoloji aspektdən tədqiqi təşkil edir. Alim uzun illərdir ki, linqvopsixologiya sahəsində araşdırmalar aparır, nəzəri fikirlərini şərh edir, dilin psixoloji problemləri ilə bağlı müddəalarını irəli sürərək dərketmə və təfəkkür mexanizmini aydınlaşdırır.
Professor İlham Tahirov alimin dərs vəsaitlərinin ölkəmizdə təhsil alan əcnəbi vətəndaşlar, xarici investorlar, azərbaycanşünaslıqla məşğul olmaq istəyənlər, eləcə də Azərbaycanı tanımaqda maraqlı olan şəxslər üçün faydalı olduğunu diqqətə çatdırıb.
Dosent Şəlalə Hümmətli isə vurğulayıb ki, Mayıl Əsgərovun gördüyü işlər, bütün yaradıcılığı, yazdığı əsərlər gözəl, xeyirxah, insanlara sevgi ilə dolu bir ürəyin monoloqudur.
Professorlar Rüfət Rüstəmov, Həbib Zərbəliyev, İsmayıl Məmmədli, Qəzənfər Kazımov, institutun icraçı direktoru dosent Baba Məhərrəmli, Həmkarlar Təşkilatının sədri dosent Qətibə Mahmudova, alimin qardaşı Mikayıl Bozalqanlı tədbirdə çıxış edərək Mayıl Əsgərovun yüksək intellektə, geniş dünyagörüşə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu vurğulayıb, onun türkologiya elminin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.
İclasda bildirilib ki, alim türk və rus dillərindən Azərbaycan dilinə 9 kitab tərcümə edib. Mayıl Əsgərov 30-a yaxın elmi monoqrafiya, dərs vəsaiti və digər kitabların, 70-dən artıq elmi məqalə və konfrans materialının müəllifidir.
Sonda Mayıl Əsgərov 60 illik yubileyi və elm sahəsindəki xidmətlərinə görə Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli tərəfindən Fəxri fərmanla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.