Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2022 09:16
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Ədəbiyyat Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Daim yeni üfüqlərə doğru” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbiri muzeyin baş direktoru, akademik Rafael Hüseynov açaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, dövlətimizin bu sahəyə diqqət və qayğısından söz açıb. Bildirib ki, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Gənclər həmişə tarixdə sabaha ümid yeri olub, keçmişdə baş verənləri gələcəyə daşıyan körpü rolunu oynayıblar. Nəsillər hər zaman gəncliyə böyük ümid və inam bəsləyiblər.

Akademik Rafael Hüseynov XX əsrin əvvəllərində böyük dramaturq Hüseyn Cavidin yaradıcılığında, xüsusilə “Azər” poemasında gənclik mövzusuna xüsusi yer verdiyini bildirib. O, ədibin gənclərə həsr olunan şeirlərindən nümunələr səsləndirib, hər zaman Hüseyn Cavidin gənc nəslə böyük ümidlə baxdığını və inandığını söyləyib.

Azərbaycan gəncliyinin ölkəmizin inkişafında və çiçəklənməsində xidmətlərini xüsusi qeyd edən baş direktor müasir dövrdə də, xüsusilə Qarabağ müharibəsində gənc nəslin öz sözünü dediyini, bu gün onların cəmiyyətin ən aparıcı qüvvələrindən birinə çevrildiyini bildirib.

O, ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında və gənc nəslin yüksək səviyyədə təhsil almasında mühüm xidmətlərindən bəhs edib. Bildirib ki, 1970-1980-ci illərdə ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Bu siyasətin nəticəsidir ki, hazırda respublikamızda idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü bir nəsil yetişdi, müxtəlif ixtisaslar üzrə respublikanın milli kadr potensialı formalaşdı. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.

Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən akademik Rafael Hüseynov onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin laborantı Turanxanım Hümbətovanın “Mən gəncliyəm”, doktorant Murad Həsənlinin “Yeni bəşəri çağırışlarla səsləşən gənclik” mövzularında məruzələri dinlənilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi-məktəb studiyasının şagirdi Teymur Kazımov konsert proqramı ilə çıxış edib.

Sonda muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının elmi və ictimai fəaliyyətlərinə görə fərqlənən bir qrup üzvünə diplom və sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: