AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. O, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan gənclərinin günümüzdə müasir, inkişaf etmiş, aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Ə.Quliyev gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində onların fəal iştirakı, perspektivlərinin artırılması kimi məsələləri xüsusilə vurğulayıb. Alim institutun gənclərini ürəkdən təbrik edərək onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı Komitəsinin sədri, a.e.d Məmməd Məmmədov sözügedən müəssisənin gənclərini təbrik edib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı çıxışında qeyd edib ki, Azərbaycan dəyərləri bugünkü gənclər üçün daim ən başlıca dəyərlərdir. Bu gün Azərbaycan gəncləri milli ruhda tərbiyə alır, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruyurlar. Sonda institutun elmi-ictimai fəaliyyətində fərqlənən bir qrup gənc təşəkkürnamə ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.