“Mən ölkə qanunlarına hörmət edən, Vətənimi, xalqımı sevən, ölkəmə sədaqətlə qulluq edən bir elm adamıyam. Ölkə qanunlarına zidd olaraq eyni vaxtda bir neçə vəzifə tutmama dair məlumatlar reallığı əks etdirmir”.
Bunu AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Ələddin Məlikov guya eyni vaxtda altı vəzifə tutmasına dair bəzi saytlarda yer alan məlumatlara münasibət bildirərkən deyib: “Bu məlumatlarda qeyd edilənlər əsassızdır və ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Mənim eyni zamanda altı yerdə işlədiyimə dair məlumatlar yanlışdır və real olması da mümkün deyil. Çünki Əmək Məcəlləsinə görə insan yalnız bir yerdə tam ştat işləyə bilər. Xəbərdə qeyd edilən Virtual Elektron Fəaliyyəti Cəmiyyətinin sədri vəzifəsinə gəldikdə isə, bu, ictimai əsaslarla fəaliyyət göstərən bir cəmiyyətdir. Digər qeyd edilən yerlər isə 2014-2022-ci illər ərzində zaman-zaman çalışdığım iş yerləridir”.
Qeyd edək ki, Ələddin Məlikov ölkənin dəyərli filosof-şərqşünaslarından biridir. 20-yə yaxın kitabın müəllifi olan alim Şərq dilləri üzrə də güclü mütəxəssislərdən sayılır. O, hazırda AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda AMEA-nın Rəyasət Heyətinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Virtual Elektron Fəaliyyəti Cəmiyyətinin sədridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.