Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.04.2026 20:00
  • A-
  • A
  • A+

Qobustan Milli Tarix-Bədii Qoruğunda 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir

Qobustan Milli Tarix-Bədii Qoruğunda 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğunda tədbir keçirilib.

Tədbir Qobustan Milli Tarix-Bədii Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış nitqi ilə çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında ölkəmizdə tarixi abidələrin və mədəni irsin qorunmasına göstərilən dövlət qayğısından bəhs edib, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov çıxışında Qobustan abidələrinin Azərbaycan mədəni irsində xüsusi yer tutduğunu qeyd edib. O, bu abidələrin elmi tədqiqi və beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini vurğulayaraq, mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Çıxışçı qoruq kollektivinə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin salamlarını çatdırdı və institutun elmi məhsulu olan elmi kitabları qoruğa hədiyyə etdi.

Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə elmlər doktoru, professor Məlahət Fərəcova çıxışında Qobustan qayaüstü təsvirlərinin bəşər tarixinin öyrənilməsində mühüm elmi mənbə olduğunu bildirib. O, bu irsin qorunması, sistemli şəkildə araşdırılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov çıxış edərək tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verib.

Ardınca tədbirin elmi hissəsinə start verilib, panel müzakirələri keçirilib. Panel müzakirələrində professor Məlahət Fərəcova “Qayaüstü incəsənəti abidələrinin qorunması: yeni metodlar və dünya təcrübəsi”, t.ü.f.d., dosent Pərviz Qasımov “Ağdamdakı İmarət kompleksində aparılmış arxeoloji tədqiqatlar”, Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli “Etnoarxeoloji tədqiqatlarda foto arxivin rolu”,  Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Şahlar Məmmədov “Qobustan Milli Tarix-Bədii Qoruğunun təbliğatındakı prioritetləri”, AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlığın tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi, dizayner-rəssam Oksana Məmmədova “Bərpadan sonra Ordubad Qeysəriyyəsinin dekorunda keramika” və Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi Nərmin Cəfərova “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kontekstində Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi-tarixi əhəmiyyəti” mövzularında təqdimatla çıxış ediblər. Müzakirələr Orxan Zamanovun moderatorluğu ilə aparılıb.

Tədbirin davamında iştirakçılar Qobustan qoruğunun muzey ekspozisiyası ilə tanış olublar. Proqram çərçivəsində Böyükdaş dağının yuxarı səki sahəsinə ekskursiya təşkil olunub, iştirakçılara qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.

Daha sonra müxtəlif sahələri əhatə edən ustad dərsləri keçirilib. Ustad dərslərdə bərpaçı rəssam Cahangir Əhmədov, keramist-rəssam Səidə Musayeva, dizayner-rəssam Oksana Məmmədova və heykəltəraş-rəssam Məmməd Rəşidov iştirak edərək öz təcrübələrilə bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: