Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 65 yaşı tamam olur
22.02.2022 14:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 65 yaşı tamam olur

Fevralın 22-də tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnsitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin  65 yaşı tamam olur.

Vaqif Quliyev 1957-ci ildə Salyan rayonunda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, təyinatla Azərbaycan SSR EA-nın Kibernetika İnstitutuna göndərilib.1980-1983-cü illərdə aspiranturada təhsil alıb.

1983-cü ildə Azərbaycan Dövlət Universitetində “Anizotrop sinqulyar inteqral operatorların tədqiqi” mövzusunda namizədlik, 1994-cü ildə Rusiya EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitutunda “Bircins qruplarda və Rn oblastında təyin olunmuş funksiyalar fəzasında inteqral operatorlar” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1997-ci ildə professor elmi adını alıb. 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

1978-1983-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda baş elmi işçi, 1983-1995-ci illərdə BDU-nun Riyazi analiz kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 2008-ci ildən həmin kafedranın professorudur.

1999-2001-ci illərdə BDU-nun Riyazi analiz şöbəsi nəzdində Harmonik analiz laboratoriyasının rəhbəri, 2001-2003-cü illərdə həmin şöbənin müdir müavini, 2005-2014-cü illərdə isə baş elmi işçi vəzifələrində çalışıb. 2014-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiridir.

V.Quliyev 1985-1990-cı illərdə V.A.Steklov adına Riyaziyyat İnstitutunda apardığı araşdırmalar zamanı bircins Li qruplarında təyin olunmuş yeni lokal Morri tipli fəzaları daxil edib və bu fəzalarda müəyyən daxiletmə teoremlərini araşdırıb. Onun əsas elmi fəaliyyət istiqamətləri bircins tipli fəzalarda, bircins Li qruplarında və n-ölçülü Evklid fəzasının oblastlarında təyin olunmuş funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə həsr olunub. Alim, həmçinin çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsi, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi məsələləri ilə də məşğul olub.

Son illərdə alim bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə alıb. Belə ki, baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır. Həmçinin ikinci tərtib divergent elleptik tənliklərin həllərinin birinci tərtib törəmələrinin modifit lokal ümumiləşmiş Morri fəzalarında requlyarlığı məsələsinə baxıb, belə ki, tənliyin əmsalları Sarason VMO sinfindəndir. Əsas məqsəd ikinci tərtib divergent formalı elleptik diferensial tənliklərin həllərinin birinci tərtib törəmələrinin Kalderon-Ziqmund nüvəli sinqulyar operator və onların kommutatorları vasitəsilə ifadəsinin verilməsidir. Bu ifadələri birləşdirərək hər bir operator üçün Morri tip qiymətləndirmələrdən istifadə edərək baxılan tənliyin həllərinin qlobal requlyarlığı məsələsi araşdırılıb. Alınmış nəticələr Clarivate Analytics bazasına daxil olan  yüksək impakt faktorlu jurnallarda çap edilib.

Vaqif Quliyev 2 monoqrafiya və 250-dən çox elmi əsərin müəllifidir. O, Azərbaycanda və regionda Clarivate Analytics bazasında ən çox məqaləsi çap olunan (180-dən çox məqalə) və ən çox istinad alan (Clarivate Analytics bazasında 1600, Google Scholarda 4150, MathSciNet Mathematical reviews 1400 isnad) tanınmış alimlərdəndir. Google Scholarda elmi əsərlərə isnadların sayı 4250, H-indeksi 34-dür.

Alim 4 dəfə (2014, 2015, 2017, 2020) Padova Universitetində (İtaliya) fəlsəfə doktoru dissertasiya işinin müdafiəsində komissiyanın üzvü (opponent) kimi iştirak edib.

Rəhbərliyi altında 4 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. “AMEA-nın Xəbərləri, riyaziyyat buraxılışı” jurnalının baş redaktoru, “Applied and Computational Mathematics” beynəlxalq jurnalının baş redaktor müavini və “TWMS Journal Pure and Applied Mathematics” beynəlxalq jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü, bu cəmiyyətin əsərlərinin 2-ci cildinin məsul katibi olub.

V.Quliyev 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə, “2016-cı ilin alimi” müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi mükafatı ilə, 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilib, 2018-ci ildə Clarivate Analytics (Web of Science Awards 2018) agentliyi tərəfindən Azərbaycanda Təbiət elmləri üzrə ən məhsuldar müəllif nominasiyası üzrə qalibi olub.

Vaqif Quliyevin sədirliyi ilə “Operators on Morrey-Type Spaces and Applications” adlı beynəlxalq elmi konfransı Türkiyənin Ahi Evran (2011,2017) və Dumlupinar (2019) universitetlərində keçirilib.

Yubilyarın 2021-ci ildə “Complex Variables and Elliptic Equations” jurnalında dərc olunan “Boundedness of the fractional maximal operator in local Morrey-type spaces” adlı məqaləsi “Web of Science” bazasında 88 istinad alaraq, 1546 məqalə arasında 1-ci yerə yüksəlib.

Riyaziyyatçı alimi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: