Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2022 17:46
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Xocalı faciəsi - milli varlığımıza vurulan zərbə” adlı seminar keçirilib

Tarix Muzeyində “Xocalı faciəsi - milli varlığımıza vurulan zərbə” adlı seminar keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Xocalı faciəsi - milli varlığımıza vurulan zərbə” adlı elmi-praktiki seminar keçirilib.

Öncə tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yığıncağı giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, Xocalı faciəsi barədə məlumat verib və bu qətliamın Azərbaycan xalqının yaddaşında həkk olunduğunu qeyd edib. F.Cabbarov Xocalı həqiqətinin dünyada tanınması və bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını vurğulayıb. F.Cabbarov bildirib ki, tədbirdə iştirak edən Xocalı faciəsinin canlı şahidlərinin dilindən bu ağır faciəni eşitmək hamımız üçün çox vacibdir.

Sonra Xocalı Təhsil İdarəsinin sabiq müdiri, Xocalını son olaraq tərk edənlərdən biri - Murad Şükürov 30 il öncəki qanlı hadisələrlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Çıxışının sonunda Murad Şükürov Xocalı ilə bağlı şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.

Daha sonra Muzeyin Arxeologiya Elmi Fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d Laçın Mustafayev “Xocalı abidələri bəşəriyyətin maddi-mədəni irsidir” adlı məruzəsində soyqırım faktının tək Azərbaycan mədəni-tarixi irsinə deyil, bəşəriyyətə vurulan bir zərbə olduğu diqqətə çatdırıb.

Tədbirdə ADPU-nun Tarix fakültəsinin II kurs magistr tələbəsi Aytac Rəhimova “Xocalı - gənclərin gözü ilə” adlı məruzə ilə çıxış edib. Elmi çıxışlardan sonra Xocalı haqqında “Müharibə uşaqları” filminin nümayişi olub. Xatirə çıxışlarında sambo idman növü üzrə beynəlxalq dərəcəli idman ustası, “Qladiator” idman klubunun prezidenti Azad Məmmədov, Milli Qəhrəman Tofiq Hüseynovun oğlu, Xocalı faciəsində hər 2 valideynini itirmiş 25 uşaqdan biri - Xocalı İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Murad Hüseynov, “Müharibə uşaqları” filminin operatoru Nizami Abbas (“Xocalı və xocalıları əsirlikdən xilas etmiş Allahverdi Bağırov haqqında xatirələri”), II Dünya Müharibəsi zamanı bir çox yəhudi ailəsini faşist qırğınından xilas edən və alman generalını əsir alan zabit Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov (“İnsanlığın xilasına imza atmış azərbaycanlılar: Həmzə Sadıqov və Allahverdi Bağırov”; F.Sadıqov muzeyə atasının şəxsi materiallarını təqdim edib) iştirak ediblər.

Sonda ADPU-nun Tarix fakültəsinin II kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini - Təhmasib İmaməliyev və həmin universitetin tələbəsi Mətanət Əliyeva (“Xocalı” şeiri) çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: