Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.12.2024 14:46
  • A-
  • A
  • A+

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi iclası keçirilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hibrid formada Ümumi yığıncağı keçirilib.

Bölmənin regionlarda çalışan üzvləri toplantıya Zoom proqramı üzərindən qoşulublar. İclas ölkənin biologiya, aqrar və tibb sahələri üzrə elm və təhsil müəssisələrində alınmış mühüm elmi tədqiqat nəticələrinin müzakirəsi və qiymətləndirilməsinə həsr olunub. İclasda BTEB-in üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələri, elmi tədqiqat müəssisələrinin və universitetlərin rəhbərləri və aparıcı alimləri, mühüm nəticələrin müəllifləri və b. iştirak etmişlər.

Öncə AMEA-nın vitse-prezidenti AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Bölmənin rəhbəri qeyd edib ki, cari il bir sıra mühüm hadisələrlə yadda qalıb. 2024-cü ilə suverenliyini tam şəkildə bərpa edərək daxil olan Azərbaycan Respublikasında Prezident və parlament seçkiləri böyük ruh yüksəkliyi və mütəşəkkilliklə keçirilib və hər iki seçki prosesi uzun illərdən sonra işğaldan azad edilmiş ərazilərimizi də əhatə edib. 2024-cü ilin ölkə Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Bölmənin tədqiqat istiqamətləri üzrə fəaliyyət göstərən elmi müəssisələrin və universitetlərin müvafiq kafedralarının, elmi ictimaiyyətin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsr göstərib, mühüm problemlərin həlli üzrə yeni prioritetlərin ön plana çıxmasına səbəb olub. Qeyd olunan məsələlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası, nazirliklər, elm və təhsil müəssisələri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib.

Akademik milli, regional və qlobal hədəflərlə bağlı böyük tarixi əhəmiyyət daşıyan və dünya üçün taleyüklü qərarların qəbul olunduğu möhtəşəm bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının böyük uğurla evsahibliyi etdiyinə diqqət çəkib. COP29-un işində BTEB-in rəhbərliyi və üzvləri, respublikanın aidiyyəti tədqiqat institutları fəal iştirak ediblər, onlar tərəfindən ölkə mətbuatında çoxsaylı çıxışlar edilib, məqalələr dərc olunub. Bölmənin “Həyat Elmləri və Biotibb” jurnalının 2024-cü il üzrə ikinci nömrəsi, Bölmə üzvlərinin 4 monoqrafiyası “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-da irəli sürülən problemlərə həsr edilib. AMEA-nın müxbir üzvü Elşad Qurbanovun Azərbaycanda uzun illər aparılan tədqiqatların nəticəsi olan “Azərbaycanın bitki örtüyü” adlı fundamental monoqrafiyası xüsusi qeyd edilə bilər. AMEA-nın vitse-prezidenti COP29-un biologiya, aqrar və tibb elmləri qarşısında bir sıra yeni hədəflər qoyduğunu gündəmə gətirib, bu hədəflərdən danışıb.

Akademik İradə Hüseynova AMEA-nın ölkə Prezidenti tərəfindən imzalanmış Nizamnaməsinə əsasən, respublika üzrə əldə olunmuş mühüm elmi tədqiqat nəticələrinin Akademiyada müzakirə edilməsinin bugünkü tədbirin əsas məramı olduğunu bildirib.

Sonra müvafiq hesabat mərizələrinin dinlənilməsinə başlanılıb. İlk olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi tədqiqat və təhsil müəssisələrində 2024-cü ildə alınmış ən mühüm fundamental və kliniki nəticələr Nazirliyin Elmi şurasının sədri, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası” publik hüquqi şəxsin direktoru, tibb elmləri doktoru, professor Rəşid Bədəlov və Elmi şuranın üzvü, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova tərəfindən təqdim edilib. Məruzə ilə bağlı iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, müzakirələr aparılıb. Müzakirələrə yekun vuran akademik İradə Hüseynova Səhiyyə Nazirliyindən daxil olan mühüm tədqiqat nəticələrinin keyfiyyətinin və dərcolunma vəziyyətinin ildən-ilə daha da yaxşılaşdığına diqqət çəkib.

Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədqiqat müəssisələrinin müvafiq hesabatları dinlənilib. 2024-cü il ərzində əldə edilmiş ən mühüm nəticələr və onlarla bağlı statistik göstəricilər AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və institutun icraçı direktoru, biologiya elmləri doktoru, professor Şakir Qasımov, AR ETN Zoologiya İnstitutunun baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov, AR ETN Fiziologiya İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev, AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AR ETN Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova tərəfindən təqdim edilib. Məruzələr üzrə ortaya çıxan sualları məruzəçilər və mühüm nəticələrin müəllifləri cavablandırıblar. Akademiklər İradə Hüseynova və Qərib Məmmədovun, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Zeynal Əkpərov, Amin İsmayılov, Tərlan Məmmədov, Vaqif Novruzov və Əlövsət Quliyevin, biologiya elmləri doktorları, professorlar Aydın Əsgərov və Elman İsgəndərin, biologiya üzrə fəlsəfə doktoru Elman Yusifovun, digər aparıcı alimlərin iştirakı ilə aparılan geniş müzakirələrdə əməkdaşlıq əlaqələrinin, ölkə üçün mühüm əhəmiyyət daşıyan məsələlərdə koordinasiyalı fəaliyyətin, ortaq tədqiqatların təşkilinin vacibliyi, dövrün çağırışları və ölkənin ehtiyacları üzrə yeni prioritet istiqamətlər, plan və perspektivlər haqqında danışılıb.

Akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşri üzərində aparılmış işləri xatırladaraq, ümumi məqsədlər üçün əməkdaşlığın və əlaqələndirmənin əhəmiyyətini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə tədqiqat fəaliyyətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. AMEA-nın müxbir üzvü Vaqif Novruzov Qarabağın “Qırmızı Kitab”ının hazırlanmasının zəruriliyinə və bu istiqamətdə aparılan fəaliyyətlərə diqqət çəkib. Professor Səyyarə İbadullayeva Botanika İnstitutunun alimləri tərəfindən “Qarabağın florası” kitabının yekunlaşmaqda olduğunu bildirib. Akademik Qərib Məmmədov və AMEA-nın müxbir üzvü Amin İsmayılov torpaqların deqradasiyası və səhralaşma problemlərinin həlli üçün müasir texnologiyalardan istifadə ilə bağlı tədqiqatların aparılmasına ehtiyac olduğunu bildiriblər. AMEA-nın müxbir üzvü Zeynal Əkpərov yeni sortların yaradılması problemlərindən, bu sahədə fundamental və tətbiqi elmlərin vəhdətindən danışıb. AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ölkədə su problemlərinin həlli yolları və  işğaldan azad edilmiş ərazilərdə kəhriz sisteminin bərpası ilə bağlı fikirlərini bildirib.

BTEB-in Ümumi yığıncağında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil müəssisələrinin mühüm nailiyyətlərini nazirliyin rəsmi təmsilçisi, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev təqdim edib. Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Amin İsmayılov, Pənah Muradov və b. məruzəçiyə suallar ünvanlayıblar, sahə institutlarında aparılan tədqiqat fəaliyyətlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında fundamental elmlə innovasiyaların vəhdətinin yüksək roluna diqqət çəkiblər.

Yığıncaqda daha sonra görkəmli alimlər - AMEA-nın fəxri üzvü İhsan Doğramacının anadan olmasının 110, akademik Siddiqə Məmmədovanın 100, akademik Mustafa Toçubaşovun 130 illiyi haqqında məsələlər dinlənilib və müvafiq qərarlar qəbul edilib.

BTEB-in Ümumi yığıncağına yekun vuran akademik İradə Hüseynova ümumiləşdirmələr aparıb, bütün məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib, AMEA-nın üzvləri, institut rəhbərləri, aparıcı alimlər tərəfindən irəli sürülmüş bütün təklif və tövsiyələrin araşdırılacağını, onlar üzrə daha konkret müzakirələrin aparılması üçün Bölmə tərəfindən müvafiq addımların atılacağını deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: