Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2022 15:40
  • A-
  • A
  • A+

“Dini terminlərin orfoqrafiya və orfoepiyası” mövzusunda elmi seminar keçirilib

“Dini terminlərin orfoqrafiya və orfoepiyası” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda bu müəssisənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini terminlərin orfoqrafiya və orfoepiyası” mövzunda elmi seminar keçirilib.

 

Tədbiri giriş sözü ilə açan müəssisənin baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, ölkəmizdə hər il din sahəsində çox sayda əsər nəşr olunur və dini nəşrlərin elmi və linqvistik keyfiyyətinin artırılması üçün vahid terminologiyanın yaradılması vacibdir. Onun sözlərinə görə, həmin terminlərin  Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına uyğun yazılması, tələffüz olunması vacib məsələdir.

Sonra iclasda filologiya elmləri doktoru Nəriman Seyidəliyev “Dini terminlərin Azərbaycan dilində işlənmə formaları” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ərəb və fars mənşəli terminlərdən istifadə zamanı Azərbaycan dilinin qrammatik qaydalarına əməl olunmalıdır: “Məsələn, Muhamməd deyil, Məhəmməd kimi tələffüz olunmalıdır. “Allah-təala - Allah-taala”, “Allahü-əkbər - Allahu-əkbər”, “həci - hacı”, “cəmaət - camaat”, “sələvat - salavat” kimi yazılmalıdır”.

İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı və komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxış edərək dini ədəbiyyatın nəşri və tərcüməsi, cari vəziyyət və problemlərdən danışıblar.

Nahid Məmmədov qeyd edib ki, dini ədəbiyyatların dilimizə tərcüməsi zamanı yaxşı tərcümələrlə yanaşı, qüsurlu, Azərbaycan dili normaları ilə səsləşməyən, sintaktik qaydalara uyğun gəlməyən birləşmələrin, yad terminlərin  üstünlük təşkil etdiyi tərcümələr də mövcuddur. Məlumdur ki,  dini ədəbiyyat məzmun etibarilə spesifikdir, eyni zamanda dini terminlərlə zəngin olur. Terminlərin düzgün ifadə olunması ilə yanaşı, ərəb-fars sözlərinin dilimizdə tam mənanı ifadə edə biləcək uyğun sözlərlə əvəzlənməsi də vacibdir. Vurğulanıb ki, dini sözlərin və terminlərin yazılışında ciddi səhvlərə yol verilir.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: