Azərbaycan alimləri kənd təsərrüfatında kimyəvi preparatlara alternativ ola biləcək bioloji məhsulların hazırlanması istiqamətində tədqiqatlar aparırlar. Hazırlanan məhsulların bitkilərin məhsuldarlığının artırılması, xəstəliklərə davamlılığının yüksəldilməsi və ekoloji cəhətdən təmiz istehsalın təmin olunması baxımından perspektivli olduğu müəyyən edilib.
Molekulyar Biologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasında əldə olunan elmi nəticələr əsasında hazırlanmış bioloji məhsullardan biri Azərbaycanda və Estoniyada patentləşdirilib. Hazırda həmin məhsulların bir qismi istehsal səviyyəsində sınaqdan keçirilir, həmçinin bioloji aktivliyə malik yeni məhsulların yaradılması istiqamətində araşdırmalar davam etdirilir. Tədqiqatlar əsasən mikroorqanizmlər, xüsusilə göbələklər əsasında yem, qida, tibb və texniki sahələrdə istifadə oluna biləcək bioloji və farmakoloji aktiv məhsulların əldə edilməsinə imkan verən perspektivli produsentlərin müəyyənləşdirilməsinə yönəlib. Laboratoriyada, həmçinin ölkənin təbii ehtiyatlarının, xüsusilə su resurslarının biotəhlükəsizliyinin təmin olunması istiqamətində mühüm araşdırmalar aparılır. Yerli şəraitdə müxtəlif mənbələrdən əldə edilən yüksək aktivliyə malik bakteriya və göbələk ştamları müəyyənləşdirilir, onların metabolitləri öyrənilir və tətbiq sahələri araşdırılır.
Tədqiqatlar çərçivəsində insan, heyvan və ətraf mühit üçün faydalı ola biləcək, iqtisadi baxımdan səmərəli mikroorqanizmlərin seçilməsi və onların biotexnoloji imkanlarının müəyyənləşdirilməsi həyata keçirilir.
Mikrobioloji biotexnologiya laboratoriyasının Torpaq və su laboratoriyası ilə birgə həyata keçirdiyi layihələrdə şərti-patogen mikroorqanizmlərin yayılma səbəblərinin araşdırılması, onların qarşısının alınması yollarının müəyyənləşdirilməsi, eləcə də biotəhlükəsizlik mexanizmlərinin hazırlanması əsas istiqamətlərdəndir. Aparılan tədqiqatlar insanları, heyvanları və ətraf mühiti qorumağa yönəlmiş elmi yanaşmaların inkişafına, tullantıların idarə olunması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə mühüm töhfə verir.
Müxbir - Tünzalə Zeyvəliyeva