Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.02.2022 10:54
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Türkiyədə elmi ezamiyyətdə olublar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Türkiyədə elmi ezamiyyətdə olublar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Populyasiya Genomiksi laboratoriyasının müdiri, b.ü.f.d., dosent Nurməmməd Mustafayev və həmin laboratoriyanın kiçik elmi işçisi Zərintac Rüstəmova Türkiyənin İstanbul şəhərində Türkiyənin İstanbul Universiteti-Cərrahpaşa, Məhkəmə Tibbi və Məhkəmə Elmləri İnstitutunda elmi ezamiyyətdə olublar.

Populyasiya genomiksi laboratoriyasının tədqiqat istiqamətlərindən biri arxeoloji qazıntılardan əldə edilən insana məxsus qalıqların - antropoloji materialların molekulyar-genetik tədqiqidir. Bu istiqamətdə tədqiqatların aparılması bioloji materiallardan antik DNT-nin ayrılması metodikalarının mənimsənilməsini tələb edir. Ezamiyyət “Azərbaycanda gen mühəndisliyinin yeni istiqamətlərinin inkişafı üzrə infrastrukturun yaradılması, genom redaktəsi metodlarının biotibbi tədqiqatlarda və genom seleksiyasında tətbiqi” adlı proqram layihənin çərçivəsində baş tutub.

MBBİ-nin əməkdaşları bir sıra tədqiqat metodları ilə, o cümlədən sümük nümunələrindən DNT-nin (həmçinin antik DNT-nin) ayrılması (QIAGEN və Promega korporasiyalarının istehsal etdikləri kitlər əsasında adi və avtomatlaşdırılmış ekspress metodlar), ağız suyu və yaxmalardan DNT-nin ayrılması, In/Del tip mutasiyalı ikialleli gen variantlarından istifadə etməklə müxtəlif xromosomlarda yerləşən 43 lokusdan ibarət əlavə identifikasiya panelinin hazırlanması, naməlum şəxsin üz quruluşunun (xarici görünüşünün) bərpasını tamamlamaq üçün dərinin, gözlərin və saçların rənginin müəyyən olunması, Nanopore sekvens metodu, kimlikləndirmə məsələlərində kimyəvi-toksikoloji və xromato-mass-spektrometrik metodlarla tanış olublar.

Ezam müddətində Hüquq Tibbi və Məhkəmə Elmləri İnstitutunun rektoru Prof. Dr. Erdinç Öztürkün, Elm şöbəsinin müdiri Prof. Dr. Emel Hülya Yüksəkoğlunun və institutun digər səlahiyyətli şəxslərinin iştirakı ilə görüş keçirilib. MBBİ-nin əməkdaşları, həmçinin Türkiyənin Məhkəmə Tibbi Ekspertizasının rəhbərliyinin Məhkəmə Tibbi Bioloji İxtisas Dairəsinin bütün laboratoriyaları ilə tanış olublar. Prof. Dr. Emel Hülya Yüksəkoğlunun və dairə başqanı Prof. Dr. Bestami Çolağın iştirakı ilə aparılan birgə müzakirələrdə Azərbaycan və Türkiyə ərazisindən arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin birgə layihə çərçivəsində tədqiqi, həmçinin bu üç qurum arasında əlaqələrin daha da genişləndirilməsi planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: