AMEA-nın Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Bartin Universitetinin “Elm söhbətləri” adlı seminarının qonaq məruzəçisi olub.
Onlayn formatda təşkil olunan seminarda çıxış edən Bartin Universitetinin Fen fakültəsinin dekanı Dr., Prof. Bülent Karakaş təmsil olunduğu universitetin müvafiq şöbələrinin Aşqarlar Kimyası İnstitutu ilə elmi əməkdaşlığının hazırki səviyyəsindən və gələcək perspektiv planlarından danışıb.
Sonra Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmlər doktoru, dosent Əfsun Sucayev “Müxtəlif məqsədlər üçün istifadə olunan aktiv üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi yollarının müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə təmsil olunduğu institutun əsas elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental və tətbiqyönlü nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Sonra müştərək beynəlxalq tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk, Orta Doğu Texnik, İstanbul Texnik və Bartin Universitetiləri, eyni zamanda Amerika, Portuqaliya, İtaliya, Rusiya, Belarusun aparıcı elm mərkəzləri ilə həyata keçirilən müştərək elmi tədqiqatlar və əldə olunan mühüm nəticələr, eləcə də nüfuzlu jurnallarda çap olunan elmi əsərlər haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Ə.Sucayev növbəti mərhələdə Türkiyə elm mərkəzləri, o cümlədən Bartin Universiteti ilə əməkdaşlığın yeni mərhələdə genişləndirilməsi istiqamətində atılacaq addımlardan danışıb. O Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” qrant layihəsi çərçivəsində Bartin Universitetində elm ezamiyətdə olacağını və tərəflər arasında iş birliyi memorandumunun imzalanacağını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.