AMEA-nın Neft və Qaz İnstitutunda Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə iştirakçılar tərəfindən Xocalı faciəsinin qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Neft və Qaz İnstitutun icraçı direktoru, professor Vaqif Qurbanov bildirib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Qeyd edib ki, Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra şəhərdə qalan mülki əhali girov götürülüb: “Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı ermənilər tərəfindən mənimsənildi”.
Sonra institutun əməkdaşları Arzu Rüstəmova, Rahilə Əliyeva və Fatimə Bayramova çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və sədr müavini Aysel Məmmədova tərəfindən hazırlanmış slayd nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.