Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2022 12:35
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Xocalı soyqırımının qurbanları anılıb

Folklor İnstitutunda Xocalı soyqırımının qurbanları anılıb

AMEA-nın Folklor İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, akademik Muxtar İmanov iclasda çıxış edərək 26 fevral 1992-ci ildə Xocalıda baş verən hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, böyük qətliam kimi xarakterizə edib. Akademik bildirib ki, biz bu qətliamın bütün dünyada  soyqırım kimi tanınmasına çalışmışıq və bir çox ölkələrdə buna nail olmuşuq. Biz bu hadisələrdən nəticə çıxarıb mübarizə aparmağı, irəliyə baxmağı hökmən bacarmalıyıq. M.İmanov əlavə edib ki, Azərbaycan 44 günlük Vətən savaşında qazandığı zəfərlə bizə qarşı cinayət törədənlərin cavabını verib. Akademik çıxışı zamanı azərbaycanlıların müstəqillik uğrunda keçmiş SSRİ-də ən çox mücadilə verən xalqlardan biri olduğunu da nəzərə çatdırıb. 

Sonra söz tədbirdə qonaq qismində iştirak edən Xocalı sakini, polkovnik Akif Hüseynova verilib. Tədbirə dəvət üçün institut rəhbərliyinə təşəkkürünü bildirən A.Hüseynov Xocalı qətliamının şahidi kimi öz gözləri ilə gördüyü hadisələr barədə ətraflı məlumat verib. Qarabağ hadisələri, bədnam qonşularımızın törətdiyi murdar əməllərdən danışan A.Hüseynov Xocalı sakinlərinin əsasən, Qaraqaya dağında qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 1992-ci ilin 29 yanvarında Xocalıya təşkil olunan hücumda şəhərin mühasirədən çıxarılmasında bilavasitə iştirak etdiyini və əməliyyatın uğurlu keçdiyini xatırladan qonaq bundan sonra Xocalının xilas olunması ilə bağlı o dövrdəki rəhbərlik tərəfindən heç bir cəhdin göstərilmədiyini təəssüf hissi ilə qeyd edib. A.Hüseynov bildirib ki, Xocalının mühasirədən çıxarılması Qarabağ döyüşlərinin dönüş nöqtəsi ola bilərdi. Akif Hüseynov həmin gecədə günahı yalnız azərbaycanlı olmaqda olan və öz ata-baba yurdunu tərk etmək istəməyən insanların çəkdikləri ağlasığmaz əzab-əziyyətlərdən kədərlə bəhs edib.  Həmçinin Xocalı soyqırımında qətl edilənlərin üz və bədən hissələrində ağlasızmaz vəhşiliklərin törədildiyini böyük ürək yanğısı ilə nəzərə çatdırıb. Eyni zamanda doğma qardaşı – Xocalı özünümüdafiə taborunun yaradıcılarından biri olan, “Mixaylo” adı ilə tanınan Milli Qəhrəmanımız şəhid mayor Tofiq Hüseynovun döyüş yoluna da işıq salıb. Qonaq çıxışının sonunda 44 günlük müharibədə qisasımızın bədnam qonşularımızdan alındığını diqqətə çatdıraraq bu qələbənin memarı olan cənab Ali Baş Komandana təşəkkürünü bildirib, bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.

Sonra institutun Folklor studiyasının sözügedən soyqırımla bağlı hazırladığı “Xocalı fəryadı” adlı filmə baxış olub.

Qısametrajlı filmin nümayişindən sonra Folklor İnstitutunun əməkdaşı, şair-jurnalist Mahir Cavadlı söz alaraq Xocalı faciəsinin XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durduğunu qeyd edib. Avropanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı tədbirlərdə iştirakını diqqətə çatdıran M.Cavadlı erməni terroru və Xocalı faciəsinə dair təxminən 25 000-dən çox disk və kitabların paylanmasında, 9 dildə hazırlanmış kitabların dünyanın bir çox ölkələrinə və kitabxanalarına çatdırılmasında şəxsən iştirak etdiyini vurğulayıb. O dövrün hadisələrinə nəzər salan şair-jurnalist çıxışı zamanı onu da bildirib ki, Ulu Öndər H.Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ildə ilk verdiyi qərar Xocalı faciəsinin anımı ilə bağlı olub. Faciənin miqyasının böyüklüyünün, eləcə də forma, məzmun və mahiyyətinin dünyaya çatdırılmasının vacibliyini qeyd edən M.Cavadlı çıxışının sonunda təbliğatın gücləndirilməsi istiqamətində hər kəsi əlindən gələni əsirgəməməyə çağırıb.

Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Elçin Qaliboğlu isə çıxışı zamanı bildirib ki, Xocalı qırğını – erməninin şəxsində insan yırtıcılığıdır. Xocalı qırğını xalqımızın örnəyində bəşərin faciəsidir. Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı, xalqımıza qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi.  Ermənilər indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxırlar. Ancaq bu, onlar üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.

İnstitut əməkdaşlarından Aydın Mustafayev isə çıxışı zamanı Qarabağ hadisələrinin təsadüfən ortaya çıxmadığına diqqət çəkib. O dövrdə sakini olduğu Ağdərənin Qarvənd kəndinin tam blokada şəraitində olduğunu xatırladan A.Mustafayev əhalinin öz şəxsi büdcəsi hesabına müəyyən qədər silahlandığını vurğulayaraq, gündəlik hücumlardan, verilən şəhidlərdən bəhs edib, Məruzəçi bildirib ki, Qarvənd Qarabağda işğal olunan ilk kənd olub və Xocalıya uzanan faciənin başlanğıcı da məhz bu kənddən başlayır.

İclası yekunlaşdıran akademik Muxtar İmanov qonağa və məruzəçilərə məzmunlu çıxışlar üçün təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: