Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2022 15:08
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

Fizika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

AMEA-nın Fizika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun mülki müdafiə üzrə qərargah rəisi Dursun Abdullayev bu əlamətdar günün yaranma tarixindən danışıb. Onun sözlərinə görə, Mülki müdafiə hərəkatı ötən əsrin 30-cu illərindən başlanıb. İlk dəfə I Dünya müharibəsində istifadə olunan hava hücumu vasitələrindən insanların özlərini qoruya bilməməsi və kütləvi ölüm halları bu zərurəti yaradıb.

Qərargah rəisi diqqətə çatdırıb ki, 1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı fransız Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaradıb və bu qurum sonralar Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilib.

Qeyd edək ki, adıçəkilən Assosiasiyanın ümdə məqsədi bütün ölkələrdə ikitərəfli və ya çoxtərəfli razılaşmalara əsaslanan daimi təhlükəsiz ərazilər yaratmaq olub. Belə neytral zonalar müharibə zamanı əhalinin müəyyən kateqoriyaları: qadınlar, uşaqlar, xəstələr və qocalar üçün sığınacaq kimi xidmət etməli idi.

BMMT-nin Baş Assambleyası (International Civil Defence Organisation, ICDO) 1990-cı ildə Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsini qərara alıb. Bayramın tarixi kimi Beynəlxalq Mülki Müdafiə Təşkilatına hökumətlərarası təşkilat statusunun verildiyi və nizamnaməsinin rəsmi qüvvəyə mindiyi tarix (1 mart 1972-ci il) seçilib.

İnstitutun mülki müdafiə üzrə qərargah rəisi, həmçinin 44 günlük Vətən müharibəsi dövründə baş verə biləcək fövqəladə vəziyyətlərin qarşısını almaq və onlardan xilas olmaq məqsədilə öncədən hazırlanan tədbirlər planı barədə məlumat verib. “II Qarabağ müharibəsi zamanı cəbhə xətti boyu mülki əhalini qorumaq məqsədi ilə sığınacaqlar hazırlanıb, baş verəcək düşmən hücumlarının qarşısını almaq məqsədi ilə səngərlər qazılıb”, - deyə Dursun Abdullayev vurğulayıb.

Tədbirin sonunda mülki müdafiə ilə bağlı suallar səsləndirilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: