Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2022 15:26
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Azərbaycan və Çin arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda Azərbaycan və Çin arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan və Çin arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş “Çin beynəlxalq münasibətlər sistemində” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik, mədəni və dostluq əlaqələrinin mövcud olduğunu, ölkələr arasında bütün istiqamətlərdə sıx əlaqələrin saxlandığını deyib. Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer aldığını deyən akademik G.Baxşəliyeva iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ilin aprelindən qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyev və İlham Əliyevin Çinə, Çin rəhbərlərinin isə Azərbaycana səfərlərindən söz açan institut rəhbəri iki ölkə arasında bağlanmış sazişlərdən də bəhs edib. O, Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin daim inkişaf etdiyini, hər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıdığını, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Çinin hər zaman Azərbaycanı dəstəklədiyini vurğulayıb.

Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun son dövrdə Çinin elm və təhsil müəssisələri ilə əlaqələrinin genişlənməsindən söz açaraq, institutda 2011-ci ildən fəaliyyətə başlamış Mərkəzi Asiya və Uzaq Şərq ölkələri şöbəsində və bu şöbənin əsasında 2016-cı ildə yaradılmış Asiya-Sakit okean regionu ölkələri şöbəsində Çinlə bağlı tədqiqatların mühüm yer tutduğunu bildirib və burada çalışan mütəxəssislərin Çinə həsr olunmuş 10-dan çox kitabının çap olunduğunu qeyd edib.

Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda 2011-ci ilin fevralında Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yanian, həmin ilin mayında Çin Müasir Beynəlxalq Akademiyasının nümayəndə heyəti, 2016-cı ilin mayında Çin İctimai Elmlər Akademiyasının rəhbər heyətindən ibarət bir qrup alim, həmin ilin noyabrında Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua və Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Jinhua, 2019-cu ilin sentyabrında Çin Sosial Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Beynəlxalq strategiya şöbəsinin alimləri ilə görüşlərin keçirildiyini, Şərqşünaslıq İnstitutu ilə Konfutsi İnstitutu arasında 2016-cı ildə müqavilənin imzalandığını, çin dili daşıyıcısı olan müəllimlərin Şərqşünaslıq İnstitutunda əməkdaşlara çin dilini tədris etməsini, gənc şərqşünaslarımızın Çində magistr təhsili aldıqlarını qeyd edib.

Tədbirdə institutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, f.ü.f.d. Zenfira Şıxəlibəyli “Azərbaycan Respublikası və ÇXR-in siyasi və diplomatik münasibətləri” mövzusunda məruzəsində müstəqilliyimizin ilk illərindən iki ölkə arasında münasibətlərin qurulmasından, əlaqələrin qurulmasında və  inkişafında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolundan danışıb. Z.Şıxəlibəyli ölkələrimiz arasında münasibətlərin daha da istiləşməsində 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilməsinin də rolunu qeyd edib.

İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru c.ü.f.d. Rafiq Abbasov “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda məruzə edib. Məruzəyə başlamazdan öncə R.Abbasov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Minin Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və tədbir iştirakçılarına salamını çatdırıb. Öz məruzəsində R.Abbasov ölkəmizdə Çinlə bağlı aparılan elmi tədqiqatlardan ətraflı bəhs edib. Məruzəçi bu sahədə Şərqşünaslıq İnstitutunda  və özünün rəhbərlik etdiyi Konfutsi İnstitutunda  görülən işləri xüsusi qeyd edib.

Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarından t.ü.f.d. Ülkər Abdullayeva, Afaq Nərimanova, Günay Novruzova, Əzizə Gülümcanlı, Ceyhun Mürşüdzadə, Elnarə Bunyatova Çin Xalq Respublikasının beynəlxalq əlaqələrinə və dünya iqtisadiyyatında mövqeyinə dair məruzələr söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: