Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ağa Musa Nağıyevin anım günü
04.03.2022 10:54
  • A-
  • A
  • A+

Ağa Musa Nağıyevin anım günü

Xalqına, təhsilə, mədəniyyətə, dəyər verməklə tarixdə dərin iz qoymuş Ağa Musa Nağıyevin fəaliyyətini aşkarlamaq oldu qismətim.                                        

Neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin həyatının və fəaliyyətinin araşdırıcısı-tədqiqatçısı olmaqla bu sahədə göstərdiyim 30 illik fəaliyyətimin nəticəsində 9 kitab yazmaqla bərabər elmi işimin müdafiəsini də Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçiik və ictimai fəaliyyətinə həsr etmişəm.

Görkəmli tarixi şəxsiyyətlərdən olan milyonçu Ağa Musa Nağıyev yaxın dövr tariximizə neft sənayesi, səhiyyə və təhsilin inkişafında böyük xidmətlər göstərmiş ən iri milyonçu mesenat kimi daxil olub. Neft sənayesinin nəhənglərindən sayılan A.M.Nağıyev sahib olduğu 413 milyon qızıl pulu (arxiv 475 saylı fond) və tikdirdiyi 98 binaları ilə Bakı milyonçuları arasında birinci yeri tutmuşdu. O, xalqın maariflənməsində, sosial-siyasi cəhətdən təkmilləşməsində hər zaman öndə addımlayanlardan olub. A.M.Nağıyevin fəaliyyəti ətrafında aparılan tədqiqatlar-ölkəmizdə neft, dənizçilik və qida sənayesində milli kadrların  hazırlanması, bank sektorunun, incəsənətin, təhsilin inkişafı sahəsində gördüyü işləri bir daha təsdiqləyir. Rus-Osmanlı müharibəsi dövründə Ərzurumun dağıdılmış məscidlərinin birində müqəddəs Qurani-Kərimi satın alaraq, qoruyub saxlamış və sultan V. Mehmet Rəşada hədiyyə etmişdir. Türk sultanı Ağa Musa Nağıyevi Məcidi, başqa xeyriyyəçiliklərinə görə isə Osmanlı ordenləri ilə təltif etmişdir. 

Onun İlk Xeyriyyə Cəmiyyəti -“İsmailiyyə” binası daxil olmaqla  tikdirdiyi binalar, Bakıda və Qaraşəhərdə su kəmərinin çəkilişinə ayırdığı külli miqdarda pul yardımı və bir çox başqa bu yönlü xidmətlərini ən önəmli məqamlar kimi vurğulamaq olar. Milyonçu-xeyriyyəçilərimiz – H.Z.Tağıyev, Ağa Musa Nağıyev, A.Ş.Əsədullayev, M.Muxtarov, İsa bəy Hacınski, Dadaşovlar, Aşurbəyovlar və başqa Azərbaycan milli burjuaziyasının təşəkkülündə müstəsna rolu olmuş şəxsiyyətlərdəndirlər. Məhz onlar XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda iqtisadiyyatın, xüsusilə neft sənayesinin yeni tələblər səviyyəsində qurulmasında dövlət başçıları ilə kəllə-kəlləyə gələn, döyüşən Azərbaycan sənayeçilərinin sayılanlarından olub. Böyük sərvət sahibinə çevrilən A.M.Nağıyev Şimali Azərbaycanın, xüsusilə Bakının ictimai, siyasi və iqtisadi həyatında iştirak edənlər sırasında birincilərdəndir. A.M.Nağıyevin sərf etdiyi milyonların sayəsində mədəniyyətimiz gözə çarpacaq dərəcədə inkişaf edirdi. Məmməd Əmin Rəsulzadə demişdir: “Bütün Yaxın Şərq aləmində biz ilk ölkəyik ki, bizim bunca möhtəşəm bir Xeyriyyə Cəmiyyətimiz var”. Ağa Musa, 100 bina tikdirəcəyinə və 100 il yaşayacağına çox inamlı idi. 1918-ci ildə, ermənilərin Bakıda yaratdıqları mart qırğınları zamanı “İsmailiyyə”ni yandırdıqda, oğlu İsmayılı sanki ikinci dəfə itirən Ağa Musa, məhz bu səbəbdən 1919-cu il martın 4-də, 70 yaşında dünyasını dəyişdi. Tarixin qısa kəsiyində bizə Ağa Musa Nağıyev adını və şəxsiyyətini unutdurmağa çalışsalar da, bu baş tutmadı. Millət ona nurlu əməllərilə işıqlı yol göstərən şəxsiyyətləri qəlbində, ruhunda, varlığında yaşadır və yaşadacaq.

Bu il A.M.Nağıyevin vəfatının 103-cü ildönümüdür. Hər il bu böyük xeyriyyəçinin məzarını ziyarət etməklə, xatirələrdə yaşadırıq.

Dilarə NAĞIYEVA, Ağa Musa Nağıyevin nəvəsi, yazıçı, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: