Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.03.2022 10:35
  • A-
  • A
  • A+

Gimnaziyada coğrafiyaçı alimlərlə görüş keçirilib

Gimnaziyada coğrafiyaçı alimlərlə görüş keçirilib

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovla görüş keçirilib.

Elm və təhsilin vəhdəti istiqamətində təşkil edilən tədbirdə gimnaziyanın rəhbərliyi, coğrafiya kafedrasının nümayəndələri, kiçik akademiyanın coğrafiya bölməsində fəaliyyət göstərən şagirdlər, BDU-nun “Sabah qrupu”nun gimnaziyada pedaqoji təcrübə keçən bir qrup tələbəsi, eləcə də Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov iştirak ediblər.

Görüş “Şuşa ili” çərçivəsində Qarabağın coğrafiyası mövzusuna həsr olunub. Gimnaziyanın istedadlı şagirdlərinin Qarabağ və işğaldan azad edilmiş rayonların coğrafiyasına dair təqdimatları dinlənilib. Sonra şagirdlər institut rəhbəri Zakir Eminovun elmi fəaliyyətinə həsr etdikləri videofilmi nümayiş etdiriblər.

Zakir Eminov çıxış edərək şagirdlərə Coğrafiya İnstitutunun fəaliyyəti, institut alimlərinin orta məktəblər üçün nəşr etdirdikləri və  özünün müəllifi olduğu çoxsaylı coğrafiya dərslikləri və s. haqqında məlumat verib. Görüşdə gimnaziyanın elmi müəssisələrlə əməkdaşlıq perspektivləri müzakirə edilib. Z.Eminov şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, institutun imkanlarından istifadə məsələləri ilə bağlı təkliflər edib, gimnaziyanın kitabxanasına qiymətli kitablar hədiyyə edib. Alim şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: