AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə Tarix İnstitutunun və ali təhsil müəssisələrinin əməkdaşları qatılıblar.
Seminarda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Azərbaycanlıların soyqırımı (1918-ci il)” adlı məruzə ilə çıxış edib. 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım hadisələri barədə danışan məruzəçi bildirib ki, 1917-1918-ci illərdə Cənubi Qafqazın iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, eyni zamanda sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə də çevrilmişdi. V.İ.Leninin sinfi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan Bakı bolşeviklərinin tərkibində ermənilərin çoxluq təşkil etmələri Azərbaycanın türk-müsəlman əhalisi üçün ağır nəticələr vermişdi. Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli siyasi şəraitdən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il matrın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da 12 mindən çox dinc insanın ölümü ilə nəticələnmişdir.
V.Abışov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış, 1918-ci ilin iyulundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçay, Zəngəzur, Şuşa və Azərbaycanın başqa şəhər və kəndlərində erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları dünya ictimaiyyətinə çatdırmaq üçün 36 cild və 3500 vərəqdən ibarət sənədlər toplayıb. Bakı şəhəri və ətrafında erməni silahlı dəstələri tərəfindən törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəq, Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq, Zəngəzur üzrə 2 cild, 80 vərəq, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəq və s. idi.
1918-ci ilin sentyabrında FTK sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış ictimai binaların və müsəlmanlara məxsus şəxsi binaların şəklini çəkdirmişdi. Çəkilən şəkillərdə Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binası, Müsəlman Xeriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tərəfi, “Dağıstan” mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanlarovun evi, “İsgəndəriyyə” mehmanxanasının binası, Təzəpir məscid binasının cənub tərəfi, Şah məscidi minarəsinin şərq tərəfi və s. dağıdılmışdı.
V.Abışov bildirib ki, FTK tərəfindən qəbul edilmiş 23 qərar layihəsi və 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar, ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasında törətdikləri vəhşilikləri haqqında ətraflı məlumat verir. Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı təxminən 8 min nəfərdən çox türk-müsəlman əhalisi öldürmüşdü ki, onlardan 1653 qadın və 965 uşaq idi. 1919-cu il may ayının 9-da Yelizavetpol quberniyasının (Gəncə) Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilmiş soyqırımlar, talanlar və digər zorakılıq hərəkətlərini özündə əks etdirən təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlanmış və komissiyaya təqdim edilmişdir. FTK-nın sənədlərində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunmuşdur. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşağın öldürülməsi, 1060 kişi, 794 qadın və 485 uşağın yaralanması göstərilmişdir. Ermənilər Güney Azərbaycanın Xoy, Salmas, Urmiya, Sulduz və s. şəhər və kəndlərdə də türk-müsəlman əhaliyə qarşı soyqırımı aktları törətmişdir. Bu soyqərəmlar nəticəsində 200 mindən çox insan amansızlıqla qətlə yetirilmişdir.
Tarixçi alim vurğulayıb ki, öz doğma torpaqlarında yaşayan türk-müsəlman əhalisi ermənilər tərəfindən zaman-zaman qətlə yetirilmiş, sağ qalanlar deportasiya edilmiş, onların əmlakları mənimsənilmiş, həmin yerlərin tarixi abidələri məhv edilmişdir. Ermənilər dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandırıb, onlardan maliyyə, siyasi və hərbi kömək alaraq, Azərbaycan torpaqları hesabına 1918-ci ildə özlərinə dövlət qurmağa nail olublar. Bu gün də Ermənistan Azərbaycana qarşı öz məkrli siyasətini gizlətmir. Ona görə də düşmənin təcavüzkar planlarının qarşısını almaq üçün tarixin əvvəlki səhifələrindəki hadisələri dərindən öyrənməli, yadda saxlamalı və düşmənin təxribatlarına hazır olmalıyıq.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb, xalqımıza qarşı ermənilərin tarixən törətdikləri soyqırımlar, torpaq iddiaları, 1918-ci ildə regionda baş verən siyasi hadisələr, Azərbaycan tarixinin öyrənilməsi və tədrisi ilə bağlı problemlər ətrafında geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.