Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2022 16:30
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Martın 15-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının hibrid formatda iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq xalqımızın əcdadlarımızdan bizə miras qalan zəngin milli adət-ənənələrindən söz açıb, ilaxır çərşənbə münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra akademik Gövhər Baxşəliyeva gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri barədə iclas iştirakçılarına məlumat verib.

Əvvəlcə iclasda AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Şuşa şəhərinin tarixi və toponimləri” adlı geniş məruzəsi dinlənilib. Alim Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın yaranma tarixi, mədəniyyəti, dünya səyyahlarının, tarixçi alimlərinin Şuşa haqqında fikirlərini təqdim edib. O, 28 ildən artıq müddətdə mənfur düşmənin əlində əsir qalan və müzəffər ordumuz tərəfindən 2020-ci il noyabrın 8-də işğaldan azad edilən qədim Şuşa şəhərinin həm mədəni, həm mənəvi, həm də strateji cəhətdən təkcə Qarabağ üçün yox, bütün Azərbaycan üçün önəmli olduğunu bildirib.

Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb.

İclasda 2022-ci ilin Azərbaycan Respublikasında  “Şuşa ili” elan edilməsi ilə bağlı bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyət planı müzakirə olunub, qarşıda duran vəzifələrlə əlaqədar  tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrində keçiriləcək beynəlxalq tədbirlər, hazırlanacaq kitab və monoqrafiyalar, təşkil olunacaq sərgilər haqqında geniş söz açılıb. Belə ki, A.A.Bakıxanov adına Tarix İnstitutunda “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində”, Fəlsəfə və Sosiologiya İnstitutunda “Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst”, İqtisadiyyat İnstitutunda “Mədəniyyətin iqtisadiyyatı: Şuşada inki­şaf impulsları”, Elm Tarixi İnstitutunda “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa”  mövzularında beynəlxalq elmi konfransların, eləcə də akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa ili”nin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya­nın, Qafqazşünaslıq İnstitutunda “Şuşa şəhərinin Cənubi Qafqazda yeri” mövzusunda dəyirmi masanın keçiriləcəyi, Milli Azərbaycan Tarixi Muzeyində isə “Xarıbülbülün vətəni - Şuşa” adlı sərginin təşkili və kataloqun nəşr ediləcəyi bildirilib və digər tədbirlər haqqında geniş məlumat verilib.

İclasda, o cümlədən bölmənin müəssisələrində işıq üzü görən jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi məsələsi də geniş müzakirə olunub, bu istiqamətdə müxtəlif fikirlər səsləndirilib.

Həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix, İqtisadiyyat, Fəlsəfə və Sosiologiya institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi haqqında bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.

Elmi şuranın iclasında, o cümlədən bir sıra kadr məsələlərinə dair qərarlar da verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: