Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.03.2022 16:47
  • A-
  • A
  • A+

“Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimi keçirilib

“Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimi keçirilib

Martın 16-da AMEA Hüseyn Cavidin Ev Muzeyində “Elm günü” münasibətilə muzeyin ərsəyə gətirdiyi “Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimi keçirilib. Mərasim ədibin 140 illiyi ərəfəsində muzeydə təşkil olunan ilk tədbirdir.

Görkəmli elm xadimləri və cavidsevərlərin iştirak etdiyi təqdimat mərasimini çoxcildliyin tərtibçisi və “Ön söz”ün müəllifi, Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açaraq nəşrdə dahi şair və dramaturqun fəaliyyətinin ilk illərindən 2018-ci ilədək dövrü mətbuatda dərc olunan H.Cavid şəxsiyyəti və sənəti ilə əlaqədar bütün materialların toplandığını, 1912-ci ildən bəri müxtəlif qrafikalarda nəşr olunmuş məqalələrin transliterasiya olunaraq müasir əlifbada oxucuların istifadəsinə verildiyini və bununla da tədqiqatçıların arxivlərdə araşdırma aparmasına ehtiyac qalmadığını qeyd edib. G.Babaxanlı mütəxəssislərin “Cavidşünaslıq” araşdırmalar toplusunu Hüseyn Cavidə ucaldılmış mənəvi abidə kimi qiymətləndirdiyini və multidissiplinar araşdırma bazası olduğunu nəzərə çatdırıb.

Sonra çıxış edən çoxcildliyin elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 30 cildlik toplunun uzun illərin gərgin əməyinin məhsulu olduğunu vurğulayıb, onu cavidşünaslığın salnaməsi kimi qiymətləndirib. Alim bildirib ki, “Cavidşünaslıq” toplusu həm humanitar elmimiz üçün bir hadisə, həm də Azərbaycan Milli Elmlər Akademiyasının tarixində bir ilkdir. Çünki bu vaxta qədər nəinki Akademiyada, hətta ölkədə konkret bir sənətkar haqqında olan materiallar bu formatda bir yerə toplanmamış, çoxcildlik halında nəşr olunmamışdır. Bu toplu və ədibin ev muzeyinin çap etdirdiyi digər nəşrlər onu göstərir ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi ölkəmizdə cavidşünaslığın mərkəzidir. Akademik İ.Həbibbəyli Humanitar Elmlər Bölməsinin rəhbəri kimi humanitar sahənin alimlərini “Cavidşünaslıq” toplusundan faydalanmağa çağırıb və həmin bölmənin institutlarında bu materialların tədqiqata cəlb olunması üçün gənc araşdırmaçılara dissertasiya mövzusu verilməsinin vacibliyi məsələsinə də toxunub.

Tədbirdə layihənin rəhbəri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov və muzey əməkdaşları çıxış ediblər. Onlar toplunun Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılması, gənclərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını, təqdim olunan çoxcildliyin müasir dövrün cavidşünasları üçün qiymətli bir xəzinə, ədəbiyyatşünaslar, teatrşünaslar, folklorşünaslar, filosoflar və digər sahələrin tədqiqatçıları üçün əlçatan istinad mənbəyi olacağını vurğulayıblar. Bildiriblər ki, “Cavidşünaslıq” araşdırmalar toplusunun bədii-qrafik həllinə də fərqli yanaşılıb, çoxcildliyin tərtibində müasir və ənənəvi prinsiplərin vəhdəti gözlənilib.

Tədbirin sonunda muzeyin ekspozisiya zallarına baxış keçirilib, təqdimat mərasiminin iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: