Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.03.2022 17:38
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov: “İctimai Elmlər Bölməsində aparılan tədqiqatlar milli ideologiyanın formalaşmasında mühüm rol oynayır”

Akademik Arif Həşimov: “İctimai Elmlər Bölməsində aparılan tədqiqatlar milli ideologiyanın formalaşmasında mühüm rol oynayır”

Martın 16-da Şərqşünaslıq İnstitutunda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın İctimai Elmlər Bölməsinin (İEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşüb.

Tədbiri giriş sözü ilə akademik Arif Həşimov açaraq İctimai Elmlər Bölməsində aparılan tədqiqatların milli ideologiyanın və Azərbaycanın ictimai fikir tarixinin formalaşmasındakı roluna toxunub. Akademik qeyd edib ki, bu gün bölməyə daxil olan müəssisələrdə qədim və zəngin mədəniyyətə sahib Azərbaycanın tarixi, fəlsəfəsi, arxeologiyası, etnoqrafiyası, antropologiyası, iqtisadiyyatı, maddi abidələrin toplanması, mühafizəsi və təbliği, Şərq ölkələrinin ictimai-mədəni inkişafı, Cənubi Qafqazda baş verən proseslər, təbiət və dəqiq elmlərin tarixi, insan hüquqları və digər istiqamətlərdə mühüm araşdırmalar aparılır.

Görüşün keçirilməsinin məqsədinə toxunan akademik Arif Həşimov hazırda AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarından daxil olan ümumiləşdirilmiş təkliflər əsasında “Azərbaycan Respublikasının 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişaf strategiyası”nın layihəsinin hazırlanması üzərində işlərin getdiyini bildirib. O, belə bir sənədin sonuncu dəfə 2008-ci ildə hazırlandığını və 2009-cu ildə qəbul edildiyini xatırladıb.

AMEA-nın bir neçə elmi bölməsi ilə artıq belə görüşlərin keçirildiyini və səmərəli təkliflərin verildiyini diqqətə çatdıran A.Həşimov tədbirdə İctimai Elmlər Bölməsinə daxil olan müəssisələrin cari vəziyyəti, gələcək planlar və Azərbaycan elminin dayanıqlı inkişafının təmin edilməsinə dair təklifləri dinləməyə hazır olduğunu deyib.

Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva çıxış edərək bölmədə aparılan tədqiqatların strateji əhəmiyyət daşıdığını və ölkənin ictimai həyatında mühüm rol oynadığını deyib. Rəhbərlik etdiyi bölmə barədə məlumat verən akademik Gövhər Baxşəliyeva İEB-in strukturuna 8 institut və 1 muzeyin daxil olduğunu, həmin müəssisələrdə 1600-dən çox əməkdaşın çalışdığını, onlardan 6-nın akademik, 9-nun müxbir üzv, 836 nəfərin isə elmi işçi olduğunu söyləyib. O, bölmənin müəssisələrində aparılan tədqiqatların qənaətbəxş olduğunu bildirib və ötən il 21 mühüm nəticənin alındığını xatırladıb, həmçinin nəşriyyat fəaliyyəti, elmlə təhsilin inteqrasiyası, eləcə də beynəlxalq əlaqələrə toxunub.

2022-ci il üçün nəzərdə tutulan elmi tədqiqatlardan gözləntilərin böyük olduğunu deyən bölmə rəhbəri bu istiqamətində “Azərbaycan tarixi XV cildə” çoxcildliyinin, “Cənubi Azərbaycan tarixinin oçerkləri” kitabının II cildinin, Şuşa Bəyannaməsi” və Cənubi Qafqazın yeni reallıqları: geosiyasi, fəlsəfi və sosioloji kontekst” adlı monoqrafiyanın, Şuşanın görkəmli şəxsiyyətləri, eləcə də “Ermənistan, İsrail dövlətinin cənub siyasətində” kitablarının çapının, həmçinin işğaldan azad olunmuş Qarabağ ərazisində arxeoloji kəşfiyyat və qazıntı işlərinin aparılmasının, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamının icrasına uyğun olaraq, elmi-tədqiqatların, “Türk dövlətlərinin elmi və innovasiyalar sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq konfransının, “Xarıbülbülün vətəni Şuşa” mövzusunda sərginin keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Görüşdə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə, A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov və Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış edərək Akademiyanın elmi müəssisələri arasında koordinasiyanın gücləndirilməsi, elmdə yeni texnoloji üsullardan istifadə, virtual laboratoriyaların təşkilinin genişləndirilməsi, dissertasiya işlərinin yazılması qaydasının sadələşdirilməsi, ideoloji işlərə diqqətin artırılması, elmi nəticələr üçün mükafatların verilməsi, xaricdə çıxan sanballı elmi jurnalların alınması, eləcə də institutlarda işıq üzü görən jurnalların dövriliyini təmin etmək üçün maliyyənin ayrılması mexanizminin asanlaşdırılması, elmin maliyyələşməsi prinsiplərinin dəyişdirilməsi, idarəetmənin çevikliyi, mövzu bankının yaradılması və s. təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: