Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2022 10:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Kazan Elmi-Tədqiqat Texniki Universitetində ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Kazan Elmi-Tədqiqat Texniki Universitetində ezamiyyətdə olub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi çərcivəsində qalib olmuş layihənin iştirakçısı AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı a.e.i., dosent Yaqub Nağıyev Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində yerləşən Kazan Elmi-Tədqiqat Texniki Universitetinə (KETTU) ezamiyyətdə  olub.

Məqsəd sözügedən qrant layihəsi çərçivəsində birgə əməkdaşlıq, elmi və praktiki nəticələrin ümumi müzakirəsi, neft və neft məhsullarının, onların oksidləşməsi nəticəsində alınan qiymətli oksigenli üzvi birləşmələrin analiz metodlarının istifadə olunması haqqında yeniliklər, müxtəlif növ müasir cihazlar, onların iş prinsipi ilə yaxından tanışlıq olub.

Ezamiyyət müddətində universitetin professor və müəllimləri ilə, elmi tədqiqatçılar ilə görüşüb, onların apardığı tədqiqatlar və kimya laboratoriyaları ilə yaxından tanış olub, qrant layihəsi çərçivəsində birgə əməkdaşlıq haqqında və sair məsələlər müzakirə edilib. Razılaşdırılmış məqamlar tərəflər arasında tərtib olunan protokolda öz əksini tapıb.

İlk görüş Tatarıstan Respublikasının əməkdar elm xadimi, Neft, Kimya və Nanotexnologiyalar İnstitutunun icraçı direktoru, Neft və Qaz Emalının Kimya Texnologiyası şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Başkirtseva Nataliya Yuryevna ilə olub. Professor Başkirtseva Yaqub Nağıyevi rəhbərlik etdiyi laboratoriyalarla, kollektivlə yaxından tanış edib, universitetin kimya laboratoriyalarında aparılan elmi-praktiki işlər, Neft və qazın emalı zamanı istifadə olunan yeni nanotexnologiyalar haqqında geniş məlumat verib. Eyni zamanda, neft məhsullarının və tullantılarının yeni nanotexnologiyalar əsasında emalı zamanı istifadə olunan metodlar, alınan qiymətli məhsullar, onların tətbiq sahələri haqqında maraqlı və çox geniş izahat verilmiş, elmi laboratoriyalarda qonağı neftdən alınan bitumun yeni nanotexnologiya əsasında termiki və katalitik emalı nəticəsində alınan bir sıra maddələrin kolleksiyası, onların emal texnologiyaları ilə tanış edib.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, k.e.n., dosent Anna Ottovna Ebel dosent Y.Nağıyevə üzərində universitetin, laboratoriyaların, həmçinin universitet tərəfindən istehsal olunan məhsulların şəkilləri olan qab hədiyyə edib.

Sonrakı görüş həmin kafedranın dosenti, Kimya texnologiyası, Neft və qazın emalı kafedrasının laboratoriya müdiri, k.ü.f.d. Şastina Yelen İqorevna ilə olmuşdur. Yelena Şastina rəhbərlik etdiyi laboratoriyada nanotexnologiyalar əsasında apardıqları elmi işlər haqqında ətraflı və faydalı məlumatlar verib.

Ezam günlərində Yaqub Nağıyev sözügedən universitetin Ümumi kimya texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru, professor Ulitin Nikolay Viktoroviç və həmin kafedranın professoru, kimya elmləri doktoru, Rusiya Federasiyasının əməkdar elm xadimi Xarlampidi Xarlampiy Evklidoviçlə görüşlər keçirib.

Professor Nikolay Ulitin Ümumi kimya texnologiyası kafedrasında aparılan elmi işlər, o cümlədən neft karbohidrogenlərinin qaz və maye fazalarda hava oksigeni və hidrogen peroksidlə aparılan oksidləşmə proseslərində istifadə olunan Modul və Kaskad tipli cihazlarla, eyni zamanda, kinetik qanunauyğunluqların öyrənilməsi üçün istifadə edilən İsveçrə istehsalı olan qurğu və onun iş prinsipləri ilə, həmçinin alınan qiymətli oksigenli, oksigensiz birləşmələrin analizində istifadə olunan müasir metodlarla yaxından tanış edib.

Görüş zamanı professor Xarlampiy Evklidoviç nəzəriyyənin praktika ilə əlaqəsi məsələsinin əsas və geniş müzakirə obyektlərindən biri olduğunu xüsusi ilə qeyd edib, Elmin İnkişafı Fondu tərəfindən aparılan elmi-tədqiqat işlərinin, o cümlədən təqdim olunan layihənin “Sintetik naften turşularının yüksək çıxım və selektivliklə qeyri-zəncirvari reaksiya ilə alınması üçün karbon nanokatalizatorların işlənilməsi və tətbiqi” mövzusunun aktual və perspektivli bir sahə olduğunu, xüsusilə də sintetik naften turşularının geniş tətbiq sahəsinə malik olduqlarını bildirib. Bu sahənin daha da genişləndirilməsi, birgə əməkdaşlıq haqqında ümumi elmi və praktiki müzakirələrin aparılmasının vacibliyi vurğulanıb. Birgə elmi-tədqiqat işlərinin və qrant layihələrinin, doktorant və magistrantların mübadiləsi əsasında ikili diplomların verilməsi, onlayn formada müxtəlif elmi sahələrin, praktiki nəticələrin birgə müzakirələri və sair məsələlərin mümkünlüyü haqqında ilkin razılaşmalar əldə edilib, tərəflər arasında tərtib olunan yekun protokolda yuxarıda qeyd olunan məsələlər öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: