Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.03.2022 12:54
  • A-
  • A
  • A+

Ali məktəb tələbələri Ədəbiyyatı Muzeyində keçirilən seminar məşğələlərində iştirak ediblər

Ali məktəb tələbələri Ədəbiyyatı Muzeyində keçirilən seminar məşğələlərində iştirak ediblər

Bakı Dövlət Universitetinin Şərqşünaslıq (Fars filologiyası və regionşünaslıq bölmələri) və Bakı Slavyan Universitetinin Tərcümə, Filologiya fakültələrinin tələbələrinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində istehsalat təcrübəsi davam edir.

Üç aylıq təcrübə müddətində tələbələr muzeyin Təhsil şöbəsinin rəhbərliyi ilə müxtəlif mövzulu seminar məşğələlərində iştirak edir, bir neçə dildə aparılan ekskursiyaları dinləyirlər. Tələbələrlə keçirilən növbəti görüş bu il yubileyləri qeyd olunan ədəbiyyat nümayəndələrinin yaradıcılığına həsr olunub.

Ekspozisiyanın izahı, qorunması və audiomüşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlı “Vicdanın susmayan səsi” (Vidadi Babanlı - 95) mövzusunda məruzə edib. O, Azərbaycan bədii nəsrinin qocaman ədiblərindən sayılan Vidadi Babanlının ömür yolundan bəhs edərkən yazıçının ədəbiyyata ilk dəfə 1940-cı illərdə şeir nümunələri ilə gəldiyini, lakin sonralar qələmini nəsr yaradıcılığında da sınayaraq dəyərli sənət örnəkləri ilə şöhrət qazandığını vurğulayıb. Tomiris Babanlı qeyd edib ki, yazıçı Vidadi Babanlı altı romanın və digər ədəbi janrlarda yaratdığı çoxsaylı əsərlərin müəllifidir.

Muzeyin Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Ömrün səksən beşinci baharı. Ayaz Vəfalı” mövzusunda məruzəsində şair, tənqidçi, füzulişünas alim Ayaz Vəfalının yaradıcılıq yolundan bəhs edib. Sevinc Heydərova çıxışında doğum günü bahar fəslinə təsadüf edən şairin Novruz bayramı münasibətilə qələmə aldığı “Bəlkə onda öyrənmişik” şeirini səsləndirib və alimin digər elmi-nəzəri, nəzm əsərlərindən ayrı-ayrılıqda bəhs edib. Sonda məruzəçi Ayaz Vəfalının imzası olan “Yarım əsrlik yol”, “Atalar sözü - ağlın gözü” adlı kitablarını Bakı Slavyan Universitetinin kitabxanasına hədiyyə edib.

Tələbələrlə seminar məşğələsi təqdim olunan mövzular ətrafında sual və müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: