AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisə əməkdaşlarını xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, qədim tarixə malik Novruz bayramı münasibəti ilə təbrik edib. Ə.Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olundu, xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı.
Bayram tədbirində çıxış edən institutun icraçı direktoru, t.e.d Yasin Rüstəmov müəssisə əməkdaşlarını baharın gəlişinin müjdəçisi, birliyin, bərabərliyin rəmzi olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu, torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, a.e.d Məmməd Məmmədov hər kəsi təbrik edərək Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini vurğulayıb.
Tədbirdə, həmçinin müəssisənin Qadınlar Şurasının sədri, a.e.ü.f.d Əminə Axundova və Torpaq proseslərinin dinamikası laboratoriyasının müdiri, a.e.ü.f.d. Niyazi Süleymanov və institutun Gənc Alim və Mütəxxəsislər Şurasının sədri Tərlan Yelmarlı çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.