Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2022 15:08
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Elm gününə həsr olunmuş konfrans - sərgi keçirilib

Seysmoloji Mərkəzdə Elm gününə həsr olunmuş konfrans - sərgi keçirilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elm gününə həsr olunmuş konfrans - sərgi keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il martın 27-i Elm günü kimi qeyd olunur. Elm günü münasibətilə hər il elmi müəssisə və təşkilatların müxtəlif səpkili tədbirlər keçirdiklərini qeyd edən baş direktor RSXM-də Elm gününün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. “Biz çalışırıq ki, keçirdiyimiz tədbirlər həm elmi xarakterli olsun, həm də ictimaiyyətimiz üçün maarifləndirmə məqsədi daşısın”,- deyən professor hər bir cəmiyyətin gələcək inkişafında elm və təhsilin böyük rol oynadığını vurğulayıb. Azərbaycanda seysmologiya elminin inkişaf tarixinə toxunarkən RSXM-nin baş direktoru bildirib ki, hazırda bu sahədə mərkəz tərəfindən dünyanın aparıcı ölkələri ilə eyni səviyyədə tədqiqatlar aparılır.

RSXM-nin beynəlxalq əməkdaşlıq məsələlərindən danışan Qurban Yetirmişli bildirib ki, hazırda mərkəzin 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var. Alimin sözlərinə görə, qardaş Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunmuş razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir.

RSXM-nin baş direktoru çıxışında dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsi ilə öyrəniləcəyini də qeyd edib. Qeyd edək ki, palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyalardan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq.

Konfrans-sərgidə RSXM-nin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ, son 120 ildə Azərbaycanda aparılan seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar və seysmoloji tədqiqatların inkişaf tarixinə həsr olunmuş təqdimatla çıxış edib. 1902-ci il Şamaxıda baş verən zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanıldığını bildirən şöbə müdirinin sözlərinə görə, ötən əsrin əvvəllərində istifadə olunan seysmik cihazların yazıları Tbilisidəki arxivdə saxlanılır. Bu yazıların elmi baxımdan olduqca qiymətli olduğunu deyən Tahir Məmmədli bildirib ki, zamanla bütün sahələrdə inkişaf getdiyi kimi seysmik cihazların istehsalı sahəsində də modernləşmə olub.

“Bu gün Azərbaycanda ən müasir seysmik cihazlar var. Bu stansiyalar peyk vasitəsilə məlumatları şəbəkəyə ötürürlər”, - deyə şöbə müdiri bildirib. Alim çıxışında Azərbaycanda seysmologiya sahəsinin inkişafında dövlət dəstəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, 25 noyabr 2000-ci ildə Bakıda baş verən güclü zəlzələdən sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə ölkəmizə ən müasir seysmik stansiyalar alınıb gətirilərək quraşdırılıb. Prezident İlham Əliyevin də hər zaman bu sahəyə böyük diqqət göstərdiyini qeyd edən alim artıq ölkəmizdə seysmik monitorinq şəbəkəsinin genişləndiyini və hazırda 62 seysmik stansiya məlumatları əsasında seysmik tədqiqatların aparıldığını deyib. Alimin sözlərinə görə, yaxın vaxtlarda seysmik stansiyaların sayı 84-ə çatacaq.

Şöbə müdiri, həmçinin mərkəzdə geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparıldığını da qeyd edib.

Qeyd edək ki, konfrans - sərgidə son 120 ildə ölkəmizdə aparılan seysmik tədqiqatlar zamanı istifadə olunan cihazlarla bağlı təqdimat da nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: