Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2022 15:40
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elm gününə həsr olunan konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elm gününə həsr olunan konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filalının birgə təşkilatçılığı ilə Elm gününə həsr olunan elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü ölkə başçısının 27 mart tarixinin Elm günü kimi qeyd olunması haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və AMEA-nın Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli qərarının mahiyyətindən bəhs edib. O, Elm gününün təsis edilməsinin dövlət başçısının elmə göstərdiyi müstəsna qayğının və alimlərimizə verdiyi yüksək dəyərin təzahürü kimi qiymətləndirib. Y.Şükürlü, həmçinin Şəki Regional Elmi Mərkəzində aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında mərkəzin üzərinə düşən mühüm vəzifələrdən söz açıb, elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdəti, istedadlı gənclərin elmə cəlb olunması yolunda işlər görüldüyünü və müəyyən nailiyyətlər əldə olunduğunu konfrans iştirakçılarıın diqqətinə çatdırıb.

ADPU-nun Şəki filalının direktoru, riyaziyyat elmləri doktoru Rafiq Rəsulov isə çıxışında dünyanın bir sıra ölkələrində Elm gününün qeyd olunmasından, Azərbaycan alimlərinin ölkə və dünya elminə verdiyi töhfələrdən bəhs edib.

Konfransda “İnsan beyninin möcüzələri və süni intellekt modelləri” (N.Çələbiyev, ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent), “ŞREM əməkdaşlarının elmtutumlu nəticələri və dünya elminə inteqrasiyasında onların rolu” (E.Abdurahmanov, ŞREM-in elmi katibi), “İnformasiya bolluğu, onun sistemləşdirilməsi və elm haqqında qeyri-səlis düşüncələr” (G.Abdullayeva, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent), “Azərbaycan elminin inkişafında AMEA ŞREM-in rolu” (U.Mürşüdova, ADPU-nun Şəki filialının Filologiya fakültəsinin dekanı, ŞREM-in aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent), “XVIII-XIX əsr Balakənli elm xadimləri” (A.Məmmədli, ŞREM-in Tarixi irs və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru), “Qlobal iqlim dəyişkənliyi və onun doğura biləcəyi ekoloji fəlakətlər” (S.Feyzullayeva, ADPU-nun Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi), “XIX-XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrinin inkişafında Zaqatala alimlərinin rolu” (Ə.Sultanov, ŞREM-in Tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru), “Azərbaycan dövlətinin gənclər siyasəti və gənc alimlərin elmin inkişafında rolu” (T.Adışirinov, ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri) mövzularında məruzələr dinlənilib, çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda elmi, elmi-pedaqoji və elmi-təşkilatı fəaliyyətində fərqlənən ŞREM-in və ADPU-nun Şəki filialının bir qrup əməkdaşlarına Fəxri fərmanlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: