AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun (Trust-Fund) 2021-2030-cu illəri əhatə edəcək “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsinə qoşulub.
Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 beynəlxalq və milli genbankın fəaliyyəti dəstəklənəcək, bitki genetik ehtiyatlarının toplanılması, beynəlxalq standartlara uyğun olaraq saxlanılması, dublikatlarının yaradılması və səmərəli istifadəsi üzrə infrastrukturun yaxşılaşdırılması və kadr hazırlığı işlərinə köməklik göstəriləcək.
28 mart - 2 aprel 2022-ci il tarixlərində Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun beynəlxalq ekspert qrupu professor Paula Bramel (ABŞ), professor Ahmed Amri (Mərakeş), professor Jean Hanson (Efiopiya), eləcə də fondun əməkdaşları Nelissa Jamora və Luis Salazar Genetik Ehtiyatlar İnstitutunda olub və layihə çərçivəsində planlaşdırılan fəaliyyətləri müzakirə ediblər.
GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutun fəaliyyəti, Milli genbankda saxlanılan bitki kolleksiyaları və yerli bitki ehtiyatlarından istifadə etməklə yeni yaradılmış sortlar haqqında qonaqlara geniş məlumat verib. Z.Əkpərov bildirib ki, 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun qəbul edilib və qanuna uyğun olaraq Genetik Ehtiyatlar İnstitutu ölkədə genetik ehtiyatların idarəedilməsi üzrə Milli əlaqələndirici institut kimi müəyyən edilib, institutun tərkibində fəaliyyət göstərən Genbanka “Milli Genbank” statusu verilib, eləcə də müxtəlif təşkilatların iştirakı ilə GEİ-də Elmi Texniki şura yaradılıb.
Z.Əkpərov bildirib ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 6.1.5-ci bəndinə və bütövlükdə 8-ci maddəsinin tələblərinə uyğun olaraq “2022-2030-сu illərdə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı (Milli Proqram)” hazırlanıb və müvafiq qaydada təqdim olunub.
Beynəlxalq ekspert qrupunun rəhbəri, professor Paula Bramel genetik ehtiyatlar sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib və ölkənin bitki genofondunun qlobal əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Azərbaycanda Milli genbankın beynəlxalq standartlara uyğun qurulduğunu, bitkilərin toxumlarının toplanılmasından saxlanılmaya qədər bütün prosedurların beynəlxalq standartlara cavab verməsi üzrə görülən işlərin əhəmiyyətindən danışıb. Professor Paula Bramel bildirib ki, hər bir ölkədə genetik ehtiyatlar əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir və bu sahənin qayğı ilə əhatə olunması vacibdir. O, institutun yerli təşkilatlarla əməkdaşlığının vacibliyini vurğulamaqla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin də əhəmiyyətindən söz açıb. Azərbaycanda mövcud olan zəngin genetik ehtiyatların böyük hissəsinin toplanılması, kadr hazırlığı işinin gücləndirilməsi, Milli genbankın infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycanın Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə beynəlxalq sazişə qoşulmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu Saziş dünya əhalisinin kəskin artdığı, qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi müasir dövrdə aclıq və yoxsulluğa, təbii müxtəlifliyin kasadlaşmasına qarşı həlledici beynəlxalq hüquqi alətdir və Azərbaycanın bu sazişə qoşulması milli bitki genofondunun beynəlxalq standartlara uyğun olaraq mühafizə edilməsi işinə böyük kömək edə bilər. AMEA-nın müxbir üzvü Z.Əkpərov beynəlxalq sazişə qoşulmaq üçün də görülən işlər haqda qonaqlara geniş məlumat verib.
Daha sonra beynəlxalq ekspert qrupu institutun bütün şöbələri və Milli genbankın fəaliyyəti ilə yaxından tanış olub, bitki genetik ehtiyatlarının toplanılması, saxlanılması, çoxaldılması, qiymətləndirilməsi və istifadəsi üzrə görülmüş işləri yüksək qiymətləndirib və gələcəkdə toplanacaq bitki nümunələrinin saxlanılması və istifadəsi üzrə öz tövsiyə və məsləhətlərini veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.