AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən türk şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim Nazim Hikmətin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş söz ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı türk inqilabi poeziyasının banisi Nazim Hikmətin müstəmləkə siyasətinə qarşı çıxdığına, kommunizmi təbliğ etdiyinə görə ömrünün çox hissəsini həbsxana və sürgünlərdə keçirdiyini deyib, onun qürbətdə keçən həyatından, fərqli düşüncə tərzindən, ziddiyyətli və məşəqqətli bioqrafiyasından bəhs edib.
Sonra görkəmli türk şairi Nazim Hikmətin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx və şairin ssenarisi əsasında çəkilən “Bir məhəlləli iki oğlan” bədii filmindən epizod nümayiş olunub.
Tədbirdə “Nazim Hikmətin həyatının Bakı dönəmi” mövzusunda məruzə ilə çıxış edən şair-publisist, ədəbiyyatşünas, Prezident təqaüdçüsü Ramil Əhmədov şairin ilk kitabı “Günəşi içənlərin türküsü”nün Bakıda nəşrindən, onun Azərbaycanın tanınmış ədəbiyyat, mədəniyyət xadimləri ilə əlaqələrindən və böyük türk şairinin yaradıcılığında Bakı dövrünün əhəmiyyətindən söhbət açıb.
Daha sonra tədbirə onlayn qoşulan Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərid Hüseyn “Nazim Hikmətin şəxsiyyətindən doğan poetik dünyagörüşü” adlı məruzəsində şairin keçdiyi həyat yolunun onun düşüncəsinə, yaradıcı psixologiyasına təsirindən və bütün bunların ədibin fəaliyyətində əksi məsələlərindən danışıb. F.Hüseyn şairin yaradıcılığının həm ənənəvi şeir, həm də avanqard poeziyanın qovşağında yaranmasının səbəblərindən də bəhs edib.
Tədbirdə “Nazim Hikmətin ideoloji mübarizəsi” adlı məruzəsini təqdim edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Ülviyyə Yusifova Nazim Hikmətin kommunist ideologiyası uğrunda apardığı mübarizələri və ideallarına olan sədaqətini xüsusi qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.