Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.04.2022 17:10
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, Misir Mərdanovun “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzəsi dinlənilib.

M.Mərdanov məqaləni necə hazırlamaq, jurnalı necə seçmək və çap olunacaq jurnallara məqalələri təqdim etmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, məqalənin nüfuzlu jurnallarda nəşri tədqiqatçının elmi fəaliyyət dairəsinin genişlənməsinə, onun statusunun yüksəlməsinə, beynəlxalq qrant layihələrində iştirakına təkan verir, həmçinin ölkənin və çalışdığı müəssisənin elmi nüfuzunun yüksəlməsinə gətirib çıxarır.

Keyfiyyətli məqalələrin meyarları barədə danışan məruzəçi bildirib ki, orijinallıq - ixtisas sahəsində, metod  və nəticələrdə yenilik, mövcud biliklərə uyğunluq, onun genişləndirilməsidir. İstinadlar yeni və münasib olmalı, fikirlər əsaslı və məntiqlə izah edilməlidir.

M.Mərdanov elmi nəticələrin orijinal və məntiqi mülahizələrlə zəngin, eləcə də annotasiyanın dolğun olmasının, açar sözlərin peşəkarlıqla seçilməsinin, resenziyaya diqqət yetirilməsinin, xüsusilə səlis ingilis dilində yazılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq standartlara uyğun elmi jurnal nəşr edərkən müasir jurnallara qoyulmuş tələbləri nəzərə almaq vacibdir.

O, tədqiqat işinin “Elsevier”, “Nature”, “Springer” kimi nüfuzlu nəşriyyatlarda çıxan yüksək impakt faktorlu jurnallarda dərc edilməsinin məqalənin daha geniş ictimaiyyətə çatması baxımından önəmli olduğunu deyib.

 Sonda iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: