Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2022 18:02
  • A-
  • A
  • A+

BDU tələbələrinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi başa çatıb

BDU tələbələrinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi başa çatıb

Aprelin 18-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin istehsalat təcrübəsini keçən 24 nəfər 4-cü kurs tələbəsi institutun alimləri qarşısında təqdimatla çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova bu günün tələbələr və alimlər üçün önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, Bakı Dövlət Universitetinin tələbələrinin AMEA-nın institutlarında, o cümlədən MBBİ-də təcrübə keçmələri elm və təhsilin inteqrasiyasının bariz nümunəsidir. Onun sözlərinə görə, tələbələr MBBİ-nin laboratoriyalarında təcrübə keçdikləri 2 ay müddətində burada aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar. Onlar, həmçinin rəhbərlərinin nəzarəti altında elmi-tədqiqat işləri aparıb və dünya praktikasında tətbiq olunan metodları mənimsəyiblər. Akademik tələbələrin MBBİ-də əldə etdikləri bilik və təcrübi bacarıqlarının onların gələcək fəaliyyətləri üçün əhəmiyyətli olacağına əminliyini bildirib.

Sonra çıxış edən BDU-nun Biologiya fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Səbinə Ömərova başda akademik İradə Hüseynova olmaqla, MBBİ-nin bütün kollektivinə təşəkkürünü bildirib. O qeyd edib ki, artıq bir neçə ildir ki, BDU-nun tələbələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təcrübə keçirlər. Səbinə Ömərova bildirib ki, tələbələrin elm mühitinə düşməsi onların formalaşmasında çox böyük rol oynayacaq.

Daha sonra MBBİ-nin Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Bioinformatika, Bitki biotexnologiyası və Populyasiya genomiksi laboratoriyalarında təcrübə keçən tələbələr təqdimatlarla çıxış edib, onlara verilən sualları cavablandırıblar.

Tədbirin sonunda tələbələr onlara yaradılan şərait üçün institutun baş direktoru, akademik İradə Hüseynovaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonra tələbələrlə xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: