Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2015 14:10
  • A-
  • A
  • A+

Akademik Hətəm Quliyev Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib

Akademik Hətəm Quliyev Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev T.Şevçenko adına Kiyev Milli Universitetində keçirilmiş “Geoinformatika: Nəzəri və tətbiqi aspektlər” adlı XIV beynəlxalq konfransda iştirak edib. Ümumukrayna Geoinformasiya və Avropanın Geoloji-Mühəndislik assosiasiyalarının birgə təşkil etdiyi dördgünlük tədbirdə Azərbaycan aliminin "Quyu-geofiziki məlumatları əsasında çökmə süxurların qeyri-xətti fiziki-mexaniki xüsusiyyətlərinin tətqiqi" mövzusunda məruzəsi dinlənilib. Məruzə maraqla qarşılanıb və mütəxəssislər tərəfindən dəstəklənib. Konfransın yekununda məruzənin “Geoinformatika” jurnalında çapı tövsiyyə olunub.

Konfransda Rusiya, Norveç, Polşa, Türkiyə, Ukrayna, Qazaxstan və digər ölkələrdən alimlər 200-ə yaxın elmi məruzə təqdim ediblər. H.Quliyev səfər çərçivəsində Ukrayna Milli Elmlər Akademiyasının Geofizika İnstitutu, Rusiya Elmlər Akademiyasının Ural Bölməsinin Geofizika İnstitutu və Kiyev Milli Dövlət Universitetinin alimləri ilə də görüşüb. O, son illər AMEA-nın Geologiya və Geofizika İnstitutunda geofiziki məlumatların işlənilməsi və geoloji şərhi sahələrində aparılmış tədqiqatların nəticələrindən bəhs edərək bildirib ki, bu sahədə yeni elmi yanaşmanın nəzəri əsasları hazırlanıb. Konkret nəticələr əldə etmək üçün hesablama alqoritmləri yaradılıb və bunların əsasında müasir kompyuter proqramı kompleksi tərtib olunub.

Ukrayna və rusiyalı alimlər də elastiki dalğaların mürəkkəb geoloji mühitlərdə yayılması nəzəriyyəsi sahəsində əldə etdikləri son nailiyyətlər haqqında məlumat veriblər. Görüşlərdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: