AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan institutunun baş direktoru, akademik Vaqif Abbasov bildirib ki, bugünkü iclasda 1 mart 2022-ci il tarixində 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında institutdaxili “Perspektivli layihələr” adlı müsabiqənin qaliblərinin seçilməsi və ən yaxşı layihəyə institutun büdcədənkənar vəsait hesabına pul mükafatının verilməsi nəzərdə tutulub. Müsabiqəyə layihələrin qəbulu 15 aprel 2022-ci il tarixinədək aparılıb və ümumilikdə 8 layihə təqdim olunub.
Akademik Vaqif Abbasov qeyd edib ki, müsabiqənin əsas məqsədi istedadlı gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarətdir. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə layihə təqdimatçılarının iştirakı və razılığı ilə Neft-Kimya Prosesləri İnstitutunun Elmi şura üzvlərindən seçilərək 11 nəfərlik tərkibdə komissiya təsdiq olunub. Komissiyanın sədri texnika elmlər doktoru, dosent Nizami Mürsəlov, üzvləri isə kimya elmlər doktoru, professor Füzuli Nəsirov, kimya elmlər doktoru, professor Çingiz Rəsulov, kimya elmlər doktoru, professor Minavər İbrahimova, texnika elmlər doktoru, professor Leylufər Əliyeva, professor Hikmət İbrahimov, texnika elmlər doktoru, dosent Səadət Əsgərzadə, kimya elmlər doktoru, dosent Mənzər Əmiraslanova, texnika elmlər doktoru, dosent Təranə Məmmədova, texnika elmlər doktoru, dosent Elmar Abdullayev və texnika elmlər doktoru, dosent Gülbəniz Muxtarova təyin olunublar.
Sonra müsabiqədə institutun gənc alimləri tərəfindən irəli sürülən layihələrin təqdimatı keçirilib. Səsvermə nəticəsində 1-ci yerə 74 bal ilə 4 saylı laboratoriyanın əməkdaşları Rahim Babalı, Nigar Veysəlova və Sara Məliklinin “Zol-gel metodu ilə oksid nanokompozitlərin sintezi və onların ekoloji problemlərin həllində və katalizdə rolu” adlı layihələri, 2-ci yerə 71 balla 2 saylı laboratoriyanın əməkdaşı Fərqanə Əlizadənin “GO nanolayları ilə modifikasiya olunmuş poliamin əsaslı yeni azometin və amidlərin sintezi, in vitro bioloji və korroziya əleyhinə xassələrinin tədqiqi və molekulyar dokkinq analizləri” adlı layihəsi layiq görülüb. Digər 2 layihə 8 saylı laboratoriyanın əməkdaşı Əminə Alimovanın “Ali karbon turşusu və poliaminlər əsasında yeni komplekslərin sintezi və səthi-aktiv maddə kimi tədqiqi” adlı və 16 saylı laboratoriyanın əməkdaşları Afaq İmanova və Leyla Abbasovanın “İşğaldan azad olunmuş ərazilərdə məhv olmuş meşələr əsasında karbohidrogen qazları və maye yanacaqların alınması” adlı layihələri müvafiq olaraq 3-cü və 4-cü yerləri qazanıblar.
İclasın sonunda Vaqif Abbasov layihələr haqqında öz fikirlərini bölüşərək, uğur qazanan layihə iştirakçılarını təbrik edib və onlara gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin gələcəkdə də bu cür müsabiqələrin davamlı olaraq keçiriləcəyini və gənclərin elmin inkişafına daha çox şərait yaradılacağını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.