Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2022 11:18
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvan haqqında film çəkilir

Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvan haqqında film çəkilir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvan haqqında bədii-sənədli filmin çəkilişlərinə başlanılıb.

Azərbaycanın görkəmli qadın şairi Natəvanın 190 illik yubileyi ilə əlaqədar İctimai televiziya tərəfindən hazırlanan filmdə bir sıra görkəmli elm və mədəniyyət xadimləri ilə yanaşı Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli də məsləhətçi-mütəxəssis qismində çıxış edib. O, çəkiliş qrupuna Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş, Azərbaycanda və bütün Zaqafqaziyada mesenatlığı ilə tanınmış, Qarabağın sonuncu xanı Mehdiqulu xanın yeganə varisi, parlaq istedad sahibi və incə lirikaya malik, Şuşada “Məclisi-üns”ün yaradıcısı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, onun əlyazma irsi haqqında ətraflı məlumat verib. Alim Xan qızının Əlyazmalar İnstitutunda qorunan “Gül dəftəri” adı ilə məşhur olan şeir albomundan da danışıb, şairənin öz əli ilə çəkdiyi şəkillərlə bəzədilmiş bu albomun unikal sənət incisi olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, Xurşidbanu Natəvana həsr olunmuş filmin ssenari müəllifi Bənövşə Məmmədova, quruluşçu rejissoru Elçin Məmmədov, quruluşçu operatorları Taleh Həsənzadə və Bədəl Bədəlovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: