AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami and Shakespeare: typology of formation of literary phenomenon” (Nizami və Şekspir: ədəbi fenomenin formalaşması tipologiyası) adlı məqaləsi İtaliyada nəşr olunan SCOPUS indeksli, nüfuzlu “Mediterranean Journal of Social Sciences” jurnalında dərc olunmuşdur. Məqalədə dünya ədəbiyyatının görkəmli nümayəndələri Nizami və Şekspirin yaradıcılığı müqayisəli şəkildə tədqiq edilmiş, onları bir sənətkar kimi tipoloji cəhətdən yaxınlaşdıran xüsusiyyətlər müəyyənləşdirilmiş, paralellər və təhlillər aparılmışdır.
Müəllif bu iki dahinin timsalında orta əsrlərin dünya ədəbiyyatına Qərb və Şərq ədəbi meyarları kontekstindən yanaşmış, Nizami və Şekspir yaradıcılığını filoloji-empirik və fəlsəfi fikir süzgəcindən keçirmişdir.
Roma İctimai Elmlər və Təhsil Araşdırmaları Mərkəzi tərəfindən dərc olunan “Mediterranean Journal of Social Sciences” artıq 5 ildir ki, Niderland Krallığının “Elsevier” şirkətlər qrupuna məxsus SCOPUS indeksləşdirmə bazasına daxil edilmişdir. Bu bazada indeksləşdirilən jurnallar dünya elmi ictimaiyyəti tərəfindən birmənalı şəkildə nüfuzlu elmi nəşrlər kimi qəbul olunur.
Qeyd edək ki, bu, SCOPUS indeksli jurnalda Azərbaycan alimlərinin humanitar və ictimai elmlər sahəsində dərc etdirdiyi ilk məqalədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir