Ramil Mərzili poeziyası sözün düzünə də, düzəngahına da söz düzür. Sözün düzü, bu onun öz yöntəmidir. Hətta bir sətrində deyir ki, “Yalanlara boyun əymə, Sözün düzü qorxsun səndən”. Sözün nəinki düzünü, heç özünü də qorxutmaq asan iş deyil. Sözü yalandan mühafizə etmək yalanı sözsüz söyləmək kimi bir şeydir. Yalan olmasa da, söz olur. Amma söz olmasa, yalanın ifadə vasitəsi qalmır. Bəlkə də, sözün yalana daha çox ehtiyacı var, nəinki yalanın sözə. Söz özünü həqiqətdə necə ifadə edirsə, yalanda da o cür ifadə edir. Bəzən yalanın yaratdığı gözəlliyin qarşısında mat qalırıq: “Bu işıqlı dünyada, Zülmət gözümü deşir” - misralarında olduğu kimi. İşıq və zülmət antitezaları Məlikməmmədin dövründən üzü bəri nağılbazlığındadır. Nağıllar gerçəkləşdikcə insan öz işığını - elektrikini kəşf etdi. Gecələrin zülməti insanın yaratdığı işığa təslim oldu. Nəticə etibarı ilə “işıqlı dünyanın” biri də artdı. Buna baxmayaraq şair zülmətin göz deşməsindən gileylənir. Əslində dilimizdəki ifadə “işıq gözümü deşir” formasındadır. Ramilin bu metaforasında zülmət işığın əlamətlərini oğurlayıb. Zülmətə göz yummaq olmaz. Gözqamaşdırıcı işıqlar isə çox şeyə göz yummağımıza şərait yaradır.
Ramilin şeirlərində özü ilə mübarizənin çalarları kifayət qədərdir. “Qürurum dolaşır ayaqlarıma, Qalxıb sənə doğru qaça bilmirəm” - sətirlərində məğlubiyyətin qələbəsi obrazlı şəkildə verilmişdir. “Xəfif pıçıltımda da - ömrü boyu kar olan, Şeytanın qulaqları gəlib səsimə çatır” - ifadəsi isə maraqlı söz düzülüşündən yaranıb. Əslində “Səsim gedib şeytanın qulaqlarına çatır” - formasında olan söz sırası elə bir inversiyaya məruz qalmışdır ki, şeytanın belə ağlına gəlməz. Ramil Mərzili ritorikadan da bacarıqla istifadə edir. “Ayrılıqlar səmimi, Həsrət niyə rəsmidir?” - sualına hərənin öz cavabı vardır. Lakin ayrılıq və həsrət sözlərinə səmimi və rəsmi təşbehlərini layiq bilmək yenilik əlamətləridir. Bu əlamətlərə başqa bir bəndində də rast gəlirik:
Dörd yandan savaba bürünsən belə,
Bilməzsən ölüsən, dirisən belə.
Ömrü girov qoyub çürüsən belə,
Ən gözəl qadınlar - günahlarındı.
Maraqlı mühakimələrdir. Qadın gözəlliyinin vəsfinə saysız bənzətmələr qurban verilib. Lakin gözəlliyin günahkarlığını boynuna qoyan başqa bir şeir ağlıma gəlmir. Oxşar mövzunun Ramil şeirlərində fərqli təqdimi tez-tez müşahidə olunur. “Bir də bizə yaxın düşməsin deyə, Bir “kağız al” sənsizliyin dilindən” - fikirləri öz planlarına zəmanət verməkdir. Məqsəd sənsizliyi zərərsizləşdirməkdir. “Kağız almaq” ifadəsi isə ədəbi dil üçün keçərli söz deyil, daha çox şifahi nitq forması kimi istifadə olunur. Ramil həmin sözü şeirə müəllif məsuliyyəti ilə sənədləşdirib. Onun şeirlərində yaşamın fəlsəfəsindən də söz düşür:
Bu ömür müəmma “OL”dan “ÖL”ədək,
Gah ürək ağrısı, gah sinə dağı.
Qəm, kədər boyunu aşan dünyada,
Sevincin topuğa çıxar uzağı.
Bənddə diqqət çəkən əsas fikirlər sevincin ölçü vahididir. Sevincin azlığını və ya çoxluğunu göstərmək üçün ədəbiyyat çox icadlara imza atıb. Lakin onun topuğa qədər boy atmasını bu şeirin orjinallığı kimi qəbul etmək olar. Başqa misralarında da yaşamağın zaman kəsiyi hüdudlandırılır: “Gözü yumub, açdın - çiyinlərdəsən, Gözü açıb, yumdun - yuxusan artıq”. Əslində həyatımızda ən vacib hadisələr bir göz qırpımında baş verir. İyirmi dörd saatdan ibarət olan bir günün hansısa bir saniyəsi özəl olur. Digər saniyələr dəqiqələri yaratmaqdan başqa bir işə yaramır. Ramilin şeirlərində mənatutumlu misralar kifayət qədərdir: “Gözümdə intihar eyləyər zaman”, “Ayağım altına kədər yığmışam, Kənardan baxanlar ucadır deyir...”, “Arzular tökülür, bağrımmı dəlik?!”, “Çatmağıdım arzuların qismət qoydum adını mən”, “Bir gün gələr mən gedərəm, mən gedəndə gün gələrmi?!” misraları onun sözünün iç üzüdür. Bəndlərində də eyni mənzərəni müşahidə edirik:
Qısılar dodağa sözün,
Bürünər kədərə üzün.
Bulud kimi dolan gözün
Sıxdıqca leysan ələrmi?
İlk misranın heyrətamizliyi danılmazdır. Sözün dodağa qısılması onu qoruyur. Üz kədərə bürünübsə, gözlər bulud kimi dolubsa, dodağını tərpədib sözünü deyə bilmək hünər istər. Sözmü aciz olar, yoxsa onu ağuşuna alan dodaqmı, bunu ayırd etmək çətinləşir. Lakin şairin bu ifadəni peşəkarlıqla işlətməsi danılmazdır. “Qadağan olunmuş şeirlər”dəki başqa ifadələr kimi.
Gülnar SƏMA, AMEA-nın Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.