Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.04.2022 16:24
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Avropa İttifaqının nümayəndəsi ilə görüş keçirilib

Seysmoloji Mərkəzdə Avropa İttifaqının nümayəndəsi ilə görüş keçirilib

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Avropa İttifaqının Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınmasına Hazırlıq məsələləri üzrə Şərq Proqramının üçüncü fazasının qrup rəhbəri Peter Glerumla görüş keçirilib.

Görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş mühəndis Ramiz İskəndərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.

Əvvəlcə səfərinin məqsədi barədə danışan Peter Glerum bildirib ki, onları maraqlandıran əsas məsələlər zəlzələ zamanı yaranan risklərin azaldılması və seysmikliyin qiymətləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə RSXM tərəfindən aparılan işlərlə yaxından maraqlandıqlarını bildirən qonaq mərkəzlə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli görüşdə qonağa Azərbaycan ərazisində aparılan seysmik qiymətləndirilmə işləri və bu vaxta qədər görülmüş işlər haqqında ətraflı məlumat verib. Baş direktor deyib ki, Azərbaycan ərazisi, xüsusilə də Bakı şəhərinin ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Ona görə də burada hər hansı tikinti işləri aparılarkən həmin ərazinin seysmikliyinin ayrı şəkildə öyrənilməsi vacibdir.

Qonağa, həmçinin mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə olunmuş nəticələr haqqında da məlumat verilib. Tərəflər Azərbaycan ərazisində seysmik qiymətləndirilmə və seysmik riskin azaldılması sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın zəruriliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: